“İran yaxında gündəmi zəbt edəcək” — AÇIQLAMA

SİYASƏT 08 mar 2020, 18:37

Politoloq: “Bu gün İran siyasi fikir baxımından demokratlara, solçulara, şahçılara, dindarlara, millətçilərə parçalanmış dövlət deyil, ölkədə vahid siyasi ideologiya mövcuddur”


Fevralın 21-də İran İslam Respublikasının Parlamentinə keçirilən XI çağırış seçkilərin nəticəsi böyük ölçüdə təsdiqlənib. Belə ki, İran Parlamentinin 290 deputat kürsüsünün 223-nü mühafizəkarlar, 16-nı islahatçılar, 36-nı isə bitərəflər əldə ediblər. Nəticə etibarı ilə mühafizəkarlar növbəti dəfə qələbə qazanıblar.
 

Qeyd edək ki, İslam Respublikasının XI çağırış parlament seçkilərində, 1979-cu ildən bəri ilk dəfə olaraq seçici aktivliyi əvvəlki seçkilərə nisbətən aşağı olub. Belə ki, seçkilərdə seçici aktivliyi cəmi 42,57 faiz təşkil edib. Hakimiyyət bunu koronavirus təhlükəsi ilə əlaqələndirsə də, əksər siyasətçilər və politoloqlar bunu İran iqtidarına etimadın azalması kimi qiymətləndirir.
 

AYNA-nın mövzu ətrafında suallarını hərbi-siyasi icmalçı Ramil Məmmədli cavablandırıb.
 

- Ramil bəy, İranda XI çağırış parlament seçkilərində mühafizəkarlar böyük üstünlüklə qalib gəldi və nəticədə islahatçılar növbəti dəfə ciddi məğlubiyyətə uğradı. İranın siyasi kursu bundan sonra necə davam edəcək?
 

- İranda son 15 ildə islahatçılar həm cəmiyyətdə, həm də siyasi arenada müəyyən üstünlüklər əldə ediblər. Hətta 2009-cu ildə keçirilən prezident seçkilərində mühafizəkarlar çətinliklə hakimiyyəti öz əllərində saxlaya bildilər. Bu isə ölkədə "Yaşıllar hərəkatı" adı altında siyasi cərəyanın yaranmasına gətirib çıxardı. Lakin islahatçılar ötən dövr ərzində öz mövqelərini siyasi arenada saxladılar, parlamentdə isə bu, açıq şəkildə hiss olunurdu. Sonuncu parlament seçkiləri isə islahatçılara ciddi zərbə oldu. Bunun səbəbi son aylarda İran ətrafında baş verən proseslər, ABŞ-İran münasibətlərinin Qasım Süleymaninin qətlə yetirilməsi fonunda gərginləşməsi oldu. İran cəmiyyəti kənar təsirə qarşı qısa müddətdə birləşmək xüsusiyyəti olan bir toplumdur. Son 30 ildə ölkə daxilində aparılan təbliğat öz bəhrəsini də verib. Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi İranda yumşalma siyasətinə ciddi zərbə vurdu. Dünənə qədər İranın Qərb dünyası ilə əlaqələrinin dərinləşməsini istəyən iranlı, ölkədə böyük nüfuz sahibi olan Qasım Süleymaninin öldürülməsindən sonra savaş əhval-ruhiyyəsinə köklənib. Bundan isə mühafizəkarlar rahat şəkildə istifadə edə bildilər. Nəticədə İrandakı son siyasi hadisədə mövqelərini növbəti il üçün möhkəmləndirdilər. Qeyd etdiyim bu məqamlar onu deməyə əsas verir ki, İran-Qərb münasibətləri daha da kəskinləşməyə doğru gedəcək. Suriyada Türkiyənin hərbi əməliyyatı diqqətləri İrandan yayındırsa da, yaxın vaxtlarda İran məsələsi yenidən gündəmi zəbt edəcək. Əgər islahatçılar hər hansı danışıqlara meylli davranırdılarsa, mühafizəkarlardan bunu gözləmək mümkün olmayacaq. Bundan başqa ölkədə islami qaydaların sərtləşdirilməsinə yönələn qanunların da sayının artacağının şahidi olacağıq.

 


- Tehranın Yaxın Şərq siyasəti, o cümlədən Qərbə qarşı radikal münasibət İranın vəziyyətinə çox ciddi şəkildə mənfi təsir göstərib. Mühafizəkarların hələ də Qərbə qarşı radikal mövqe sərgiləməsinə görə İranda böhranın daha da dərinləşəcəyini ehtimal etmək olar?
 

- İran dövlətinin daxili auditoriya üçün nəzərdə tutulan siyasi manevr imkanları çoxdur. Məsələn, İranda belə bir fikir hökmrandır: "İran dünyanın ən qədim dövlətidir, lakin Qərb bu mədəniyyəti yer üzündən silmək istəyir. İranlılar isə bunun qarşısını almalıdırlar". İllər əvvəl İranın Ali dini lideri Xameneyi də Tehran Universitetinin tələbələri qarşısında çıxışı zamanı buna bənzər fikir söyləmişdi. Bu, İran cəmiyyətini stimullaşdırır və düşmənə qarşı mübarizədə səfərbər edir. Sosial problemlər artıq ikinci plana keçir. Təsəvvür edin ki, bu gün minlərlə iranlı Yəməndə, Suriyada, İraqda, Livanda və Yaxın Şərqin müəyyən bölgələrində öz ölkələrinin maraqlarını qoruyan silahlı birləşmələrdə döyüşür. Yəni maddi problemlər artıq ikinci plana keçir. Qasım Süleymaninin ölümündən sonra İranda sosial tələblərlə bağlı hansı geniş etiraz aksiyalarının şahidi olmuşuq? Heç birinin. Bu, belə də davam edəcək. Yəni İranda böhran yaradacaq amil kənar təsirlər nəticəsində formalaşmayacaq. Bunu İran xalqı istəməlidir. Xalq isə əksinə, milli birlik nümayiş etdirir.
 

- İranda zaman-zaman hökumətlə Ali dini lider arasında anlaşımazlıqlar olub. Amma dini kəsim hər dəfədə öz üstünlüyünü qoruyub saxlaya bilib. Hətta ölkədəki etiraz dalğalarına rəğmən son seçkilər göstərdi ki, hələ də dini kəsimin üstünlüyü var. Bu, nə ilə əlaqədardır?
 

- Bu, İslam təbliğatının güclü olması, ölkə rəhbərinə olan inam, ölkənin mühafizəsi üçün düşmən qarşısında birliyə yönələn təbliğatın nəticəsində mümkün olub. Açıq demək lazımdır ki, İran son 200 ildə özünün ən güclü dövrünü yaşayır. Bu gün İran siyasi fikir baxımından demokratlara, solçulara, şahçılara, dindarlara, millətçilərə parçalanmış ölkə deyil. Ölkədə vahid siyasi ideologiya mövcuddur və bu da onun bölgədə hərbi və hərbi-siyasi güclənməsinə imkan yaratdı. Bu gün İran əsgəri Yəməndə, Suriyada, İraqda, Livanda və Yaxın Şərqin digər ərazilərində öz ideoloji düşmənlərinə qarşı savaşır. Hansı qanunla və əsasla bunu edir, haqlıdır, yaxud haqsız – bunlar artıq başqa söhbətin mövzusudur. Məhz bu məqamlar anladılır, təbliğat aparılır və İranın daha da güclü olacağı haqda xalqda inam yaradılır. Aydındır ki, güclü İranın müəllifi kimi isə dini kəsim göstərilir. Ona görə də mühafizəkarlar Qərbin bütün təzyiqlərinə baxmayaraq, İran siyasətində öz mövqelərini gücləndirə bilirlər.
 

- İran Qərbin təzyiqləri qarşısında nə qədər davam gətirə biləcək?
 

- İran Qərblə savaşda müttəfiqləri olan Çin və Rusiyaya arxalanır. Biz isə yaxın vaxtlarda Çinin iqtisadi çöküşünün şahidi olmayacağıq. Yəni İran iqtisadiyyatının sponsoru olan Çinin güclü olması, İranın Qərbin bu təzyiqlərə hələ davam gətirəcəyinə işarədir. Doğrusu, bəzən məndə belə bir fikir formalaşır ki, hətta ABŞ belə, İranın bu şəkildə mövcudluğunda maraqlıdır. Bu, ABŞ-a ərəb dünyasına öz təsir imkanlarını saxlamağa kömək edir. Yəni bu suala konkret cavab vermək çox çətindir. Dünyada və bölgədə proseslər o qədər sürətlə dəyişir ki, bəzən baş verənlərə fikir bildirməyə belə, gecikirsən.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top