"İslahatlara gedən Prezident və onun yeni komandası bunun qarşısını aldılar" — AVP-nin sədr müavini

SİYASƏT 07 mar 2020, 21:49

Ötən ilin əvvəllərindən başladılan islahatlar Azərbaycan xalqı tərəfindən çox yüksək rəğbətlə qarşılanır və idarəetmədə öz nəticəsini göstərməkdədir.

 

Belə ki, bir çox nazirlik və komitələrin bir qurumda birləşdirilməsi, digər nazirliklərin rəhbərliyinə gənc kadrların gətirilməsi, rayon İcra Hakimiyyəti başçılarının gənc kadrlarla əvəz olunması, işində nöqsanlara yol verən İcra Başçıları haqda hüquqi tədbirlərin görülməsi, təqdim olunan sosial islahat paketi( təqaüdlərin artırılması, minimum əmək haqqının artırılması v.s) nümunə kimi göstərilə bilər.

 

Düşünürdüm ki, bu addımlar hələ yetərli deyil. İlin sonuna doğru düşüncələrim öz təsdiqini tapdı, artıq illərdir Prezident Adminstrasiyasında kök salmış köhnə zehniyyət daşıyıcılarının yola salınaraq yeni təfəkkür sahibləri ilə əvəz olunması ümidləri daha da artırdı və köklü islahatların davam edəcəyinə bir daha əminlik yaratdı.

 

Baş verən islahatların kulminasiya nöqtəsi kimi ilin sonunda ölkə başçısının parlamenti buraxması və növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı oldu. Parlament seçkilərinin keçirilməsi bir çox ictimai-siyasi şəxslərdə ümid yaratdı və onlar prosesə qoşuldular.

 

Buna baxmayaraq köhnə zehniyyət daşıyıcılarının və "5-ci kalon"un seçkilərə müdaxiləsi gözlənilən idi.

 

Lakin dinamik islahatlara gedən Prezident və onun yeni təfəkkür daşıyıcısı olan yeni komandası bunun qarşısını almaq gücündə idilər və aldılar. Necə deyərlər: “parlament seçkiləri xətasız-bəlasız ötüşdü”

 

Bu ilin başlanğıcında isə Parlament seçkilərini nəzərə almasaq ilin ən böyük siyasi hadisəsi Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya liderləri ilə görüşü oldu.

 

"Ana Vətən Partiyası" sədri Fəzail Ağamalı, "Ağ Partiya" Lideri Tural Abbaslı, "Böyük Quruluş Partiyası" sədri Fazil Mustafa, "Xalq" Partiyasının sədri, keçmiş Baş Nazir Pənah Hüseyn, "Real" Partiya sədri İlqar Məmmədovla keçirilən görüşləri siyasi cameədə birmənalı qarşılanmadı. Bəzi ekspertlər bunu Parlament seçkilərinin yaratdığı mübahisəli abu-havanın arxa fona keçirilməsi kimi dəyərləndirsələr də, görüşdə iştirak edən partiya sədrləri ilə apardığım müzakirələr mənə deməyə əsas verir ki, Prezident Adminstrasiyasının yeni rəhbərliyinin siyasi partiyalarla tanışlıq məqsədi ilə təşkil etdiyi görüşlərin mütəmadi və bərabər şəraitdə keçirilməsi iqtidarın siyasi aktivliyi artırmaq və partiyaları aktiv fəaliyyətə cəlb etmək niyyətini ortaya qoyur, partiyaların cəmiyyətdə rolunun artırılması məqsədi daşıyır.

 

Görüşlər hələ davam edir. "Müsavat" Partiyası Başqanı Arif Hacılının Müsavat Partiyası qərargahında görüşmək təklifi şərtinə hələ reaksiya verilməsə də, inkarçı müxalifət ənənəvi mövqeyini artıq ortaya qoyub. İllərdir hakimiyyətdən "görüş", "dialoq" istəyən partiya sədrinin iqtidarın "siyasi ittifaq" prosesinə yanaşması, "köhnə zehniyyətçilər" və "5-ci kalon" təmsilçiləri ilə eyni mövqeyi sərgilədiyini göstərir ( Yeri gəlmişkən, bir neçə ay öncə, erkən parlament seçkilərinin baykot edilməsini də inkarçı müxalifətin və "5-ci kalon"un işbirliyi kimi qiymətləndirənlər var).

 

Görünən budur ki, "köhnə zehniyyət" anti-islahat siyasətində israrlı olduğu kimi, dövlət başçısı və yeni komandası islahatların davam etdirilməsi yönündə qətiyyətlidirlər.

 

Son olaraq onu qeyd etmək istəyirəm ki, vətənini, millətini, dövlətini sevən hər bir şəxs islahatların davam etməsində sonuna qədər öz dəstəyini əsirgəməməli, bu məsələdə Dövlətin yanında olmalıdır.

 

Arzuman Abdulkərimov

 Ana Vətən Partiyasının sədr müavini

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top