Sərkisyanın Xocalı etirafı, Paşinyan üçün Dana dəstəyi

SİYASƏT 22 fev 2020, 10:00

Nikol Paşinyan Münhen debatında prezident Əliyevə biabırçı şəkildə məğlub olmasını unutdurmaq üçün çeşidli variantlara əl atır. Bu yolla o, həm də özünün Ermənistan daxilindəki rəqiblərini və əleyhdarlarını da zərərsizləşdirməyə çalışır.

 

Paşinyan Münhendəki çıxışında iddia etmişdi ki, guya eks-prezident Ayaz Mütəllibov Xocalı qırğınının azərbaycanlılar tərəfindən törədildiyini nə vaxtsa “Arqumentı i Faktı” qəzetinə “deyib”. Azərbaycan prezidenti İlham Əliyev Mütəllibovun heç vaxt belə bir söz demədiyini bildirdi. Ardınca Mütəllibov AzTV-də bir daha təkziblə çıxış etdi və Paşinyanın yalançı olduğunu söylədi.

 

Növbəti yalanın ayaq tutmadığını görən ermənilər bu dəfə Rusiyanın “Nezavisimoy qazeta”sının əməkdaşından istifadə etməyə çalışıb. Qəzetin əməkdaşı Dana Mazalova iddia edib ki, Azərbaycanın keçmiş prezidenti ona Xocalı hadisələrini Azərbaycan müxalifətinin təşkil etdiyini deyib. Mazalova bu iddiada olsa da, dediklərini təsdiqləyəcək faktı yoxdur. Hətta “təəssüflə” vurğulayıb ki, Mütəllibovla müsahibəsinin səs yazısını saxlamayıb. Əgər eks-prezident belə bir söz desəydi, əmin olun ki, səs yazısı da ortada olardı...

 

Ayaz Mütəllibov dəfələrlə bildirib ki, 1992-ci ildə müxalifət Qarabağda baş verənlərdən onun əleyhinə istifadə etməyə çalışıb. Elə Xocalı soyqırımından bir neçə gün sonra Mütəllibovun istefaya getməsi də bunun təsdiqidir. Ancaq bu, o demək deyil ki, soyqırımı müxalifət törədib. Yəqin çoxları xatırlayır, o zaman yayılmış rəsmi məlumatda bildirilirdi ki, Xocalıda 2 nəfər həlak olub. Yəni hakimiyyətin də ciddi səhvləri var idi. Xocalının müdafiəsinin təşkil olunmamasından tutmuş, baş verənləri xalqdan gizlətməyə qədər. Ancaq bütün bunlar Ermənistan rəhbərliyinə haqq vermir ki, Xocalı soyqırımını azərbaycanlıların özlərinin törətdiyi (!) barədə cəfəngiyat söyləsinlər.

 

Paşinyan həqiqəti bilmək istəyirsə, gedib Karnegi Fondunun saytında araşdırmaçı Toms de Vallın Serj Sərkisyanla söhbətini oxusun. Sonradan “Qara Bağ” adlı kitabda əksini tapan həmin müsahibədə Sərkisyan “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır”-deyib. Bu, soyqırımın etirafıdır!

 

İnanmıram ki, Nikol Paşinyan Xocalı soyqırımında Ermənistanın müdafiə naziri kimi iştirak etmiş və əsrin cinayətini törətmiş Sərkisyanın dediklərndən bixəbərdir. O, ən azı Qarabağ klanının üzvü olan rəqiblərindən birinin keçmişini yaxşı araşdırıb. Ancaq paşinyanlara həqiqət gərək deyil. Necə ki, bir əsrdən çoxdur ermənilər dünyaya “soyqırıma məruz qalmışıq”, deyib haray çəkir, vay-şivən qoparırlar. Ancaq Türkiyə deyəndə ki, gəlin arxivləri birgə araşdıraq, razılaşmırlar. Çünki saxta iddialarının faş olacağından qorxurlar. Paşinyan və onun kimi “yanlar” Xankəndi şəhərinə iddia etməyə cəhd göstərirlər, lakin Xanın kəndinə gəlişlərinin 150 illiyi münasibətilə qoyulmuş abidəni nədən dağıtdıqları barədə danışmırlar. Çünki onlara həqiqət gərək deyil. Nə İrəvan, nə Göyçə, nə Zəngəzur, nə Qarabağ, nə Sumqayıt həqiqətlərinin ortada olması onlara lazım deyil.

 

Ermənistan rəhbərliyi növbəti dəfə uğursuzluğa düçar oldu. Gah dedi Dağlıq Qarabağın Ermənistana aidiyyəti yoxdur, ayrıca respublikadır", gah da “Dağlıq Qarabağ Ermənistandır” dedi, ancaq hər bir halda cavabı verildi. İndi deməyə sözü yoxdur, Xocalıda məhv edilən uşaqların, günahsız qadın və qocaların ruhuna dil uzadır.

 

Yeri gəlmişkən, Paşinyan Azərbaycan tərəfdən tutarlı cavab aldıqdan sonra belə bir status yazıb: “Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”.

 

Nikol “bizim günahımız yoxdur” deyir. Amma Xocalı dəhşətləri dünyanın gözü qarşısında baş verib, beynəlxalq media əsrin faciəsini işıqlandırıb, istintaq erməni cəlladlarının, 366-cı alaya rəhbərlik edənlərin siyahısını ortaya qoyub. İndi nağıl uydurmağın yeri yoxdur. Hətta Bakıya gələn ermənilərdən bəziləri “Ana harayı” abidəsinin qarşısında baş əyib Azərbaycan xalqından üzr istəyiblər...

 

Politoloq Elxan Şahinoğlu haqlıdır, Ayaz Mütəllibovun Xocalı soyqırımı barədə geniş bir mətbuat konfransı keçirməyinə ehtiyac var, xarici medianın iştirakı ilə. Elə bu günlərdə, soyqırımın ildönümü ərəfəsində! Hələ Mütəllibov sağdır, ermənilər onun dediklərini saxtalaşdırırlar...(musavat.com)

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top