“İlham Əliyev sübut etdi ki, Ermənistan cəmiyyəti siyasi cəhətdən xəstədir” — Tofiq Zülfüqarov

SİYASƏT 17 fev 2020, 16:54

Ötən gün nüfuzlu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşlər dünyanın əsas diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla debatı isə bir sıra vacib məqamları ilə daha çox diqqət çəkib. Erməni mətbuatının belə, tənqid atəşinə tuş gələn Paşinyanın görüş boyu qəribə davranış tərzi, tarixi küt bir şəkildə saxtalaşdırması işğalçı dövlətin iç üzünü bir daha dünya içtimaiyyətinə nümayiş etdirib.


KONKRET.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutan panel müzakirələrdə ölkəmizin haqlı mövqeyinin tutarlı arqumentlərlə bəyan edilməsi olduqca müsbət haldır: “Orada iki əsas hadisə baş verdi. Birincisi, Azərbaycan dövlət başçısı özünün siyasi, intellektual, bilik, diskussiya aparmaq qabiliyyətini nümayiş etdirdi ki, bununla da Paşinyandan qat-qat üstün olduğunu göstərdi. İkinci amil isə ondan ibarətdir ki, dövlət başçımız bu debatda Azərbaycanın haqlı olduğunu arqumentlərlə çatdırdı. Orada sübut olundu ki, biz işğala məruz qalmışıq və işğalın qurbanı kimi mübarizəmizi davam etdirəcəyik. Bu iki amil çox vacibdir. Yəni tarixi diskussiyalar və digər elementlər ikinci dərəcəli məsələlərdir.


Təbii ki, Münhen Konfransı çox nüfuzlu bir beynəlxalq təşkilatdır və orada olan məsələlər geniş şəkildə müzakirə olunaraq mətbuatda öz əksini tapır. Bu da çox vacib məsələdir. Amma mən digər bir məqama diqqət yetirmək istəyirəm. Baxın, biz erməni mediasında Paşinyanın zəif olması barədə tənqidlərə rast gəlirik, ancaq onlar Ermənistanın ölkə olaraq mövqeyinin ədalətli olmamasını, beynəlxalq qanunlara zidd olmasını tənqid etmirlər. Bu da onu göstərir ki, Ermənistan cəmiyyəti siyasi baxımdan ciddi şəkildə xəstədir, reallığı görmək və qəbul etmək istəmir.


Bu diskussiyada onlar bir şeyi gördülər ki, bizim Prezidentimiz siyasi baxımdan daha təcrübəli, daha bilikli, daha intellektual bir siyasətçidir. Amma Ermənistan başçısı zəif olduğunu göstərdi. Təkcə ona görə yox ki, o, məsələn, ingilis dilində zəif danışır, tarixi hadisələri səhv salır və s. İlk növbədə ona görə ki, onlar beynəlxalq qanunlara zidd olaraq digər bir ölkənin ərazilərini işğal edib, etnik təmizləmə aparıb, aneksiya etmək istəyirlər.  Hesab edirəm ki, bu cür debatlar ermənilərə Azərbaycanın gücünü və iradəsini göstərir. Amma onu da vurğulayım ki, bu, onların öz xəstəliklərindən azad olunmaları üçün yetərli deyil. Buna bir neçə müddət lazımdır. Yaxud da hesab edirəm ki, Azərbaycan üçün Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq hərbi imkanlardan istifadə edib işğalçını öz ərazilərindən rədd etməlidir”.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top