Beynəlxalq müşahidə missiyası Milli Məclisə seçkilər barədə bəyanat verdi: "Gedişatdan razı qaldıq..." (FOTOLAR)

SİYASƏT 12 fev 2020, 11:02

9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə 20 nəfərdən ibarət beynəlxalq müşahidə missiyası 7-10 fevral tarixlərində ölkəmizdə səfərdə olub.

 

Demokrat.az xəbər verir ki, beynəlxalq müşahidə missiyasında Avropada fəaliyyət göstərən Avropa Liberal Gənclər Təşkilatları İttifaqı, “YPIDA International” təşkilatı və Avropanın müxtəlif ölkələrinin (Almaniya, Avstriya, Birləşmiş Krallıq, Danimarka, Fransa, Finlandiya, İrlandiya, İsveç, İtaliya, Sloveniya və b.) siyasi partiyalarının gənclər təşkilatları təmsilçiləri iştirak edib.

 

Missiya üzvləri 8 və 9 fevralda Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərlərində və Şamaxı, Quba, Qəbələ rayonlarında seçki prosesini müşahidə ediblər. Eyni zamanda, nümayəndə heyəti müstəqil namizədlərlə görüşüb və seçki prosesi barədə fikir mübadiləsi aparılıb.

 

Missiyaya daxil olan beynəlxalq müşahidəçilər arasında Almaniyanın Azad Demokratlar Partiyasının nümayəndəsi Martin Löxner, Avropa Liberal Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Serciu Boqean, “YPIDA International” təşkilatının rəhbəri Onur Oğuz Dellal və digər rəhbər şəxslər iştirak ediblər.

 

Səfər çərçivəsində beynəlxalq müşahidəçi qrup vətəndaş cəmiyyəti və müxtəlif gənclər təşkilatlarının təmsilçiləri ilə görüşüb və Azərbaycanda hal-hazırda keçirilən islahatların gedişatı haqda fikir mübadiləsi aparılıb.

 

10 fevral tarixində “Hyatt Regency” hotelində keçirilən mətbuat konfransında 9 fevral parlament seçkiləri ilə bağlı müşahidələrin ümumiləşdirilməsi nəticəsində hazırlanan bəyanat media nümayəndələrinin diqqətinə çatdırılmışdır. Beynəlxalq müşahidə missiyasının avstriyalı üzvü Bastyən Dimonte bildirib ki, müşahidələrimizə əsasən, xeyli gənc seçki prosesində müşahidəçi və namizəd qismində iştirak edib.

 

Bununla bərabər, bəzi namizədlər seçki prosesinin qərəzsizliyindən narahat olduqlarını bildiriblər. Beynəlxalq müşahidə missiyasının danimarkalı üzvü Niklas Milters isə “Azərbaycanda parlament seçkilərini müşahidə etdikdən sonra, səsvermə prosesinin gedişatından ümumiyyətlə razı qaldığını, eyni zamanda, müəyyən uyğunsuzluqların olmasına baxmayaraq gələcək seçkilərdə təkmilləşdirilə biləcəyini söyləyib.

 

Qeyd edək ki, beynəlxalq müşahidə missiyası ümumi olaraq 10 seçki dairəsi üzrə 18 seçki məntəqəsində müşahidələr aparmış və 10 fevralda mətbuat konfransı ilə öz işini tamamlamışdır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top