"Polis Seçki Məcəlləsinə uyğun asayişi bərpa edib və müvafiq tədbirlər görüb" — DİN rəsmisi

SİYASƏT 11 fev 2020, 19:16

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində bir nəfərə qarşı zor tətbiq etdiklərini əks etdirən videogörüntülərlə bağlı AZƏRTAC-a açıqlama verib.

 

Həmin görüntüləri izlədiklərini deyən E.Zahidov bildirib: “O görüntülər Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı seçki məntəqəsində qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmət aparan polis əməkdaşlarını məntəqəyə dəvət edib və oradakı müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini, seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsdən nizam-intizamlı olmağı və məntəqəni tərk etməsini tələb ediblər. Lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərib. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq, onun yenidən məntəqəyə daxil olmasına icazə verib”.

 

Səsvermə müddətində polis əməkdaşlarının yalnız rəsmi dəvət əsasında məntəqələrə gəlib asayişi təmin etdiklərini vurğulayan polis polkovniki deyib: “Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib və qanunauyğun tədbirlər görüb”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top