ATƏT qalmaqallı Zaqatala dairəsini nəzarətə götürdü

HADİSƏ 23 yan 2020, 16:26

110 saylı Zaqatala seçki dairəsindən daxil olan xəbərlər həm sosial şəbəkələrdə, həm də mətbuatda ciddi müzakirələrə səbəb olub. 


Xatırladaq ki, mətbuatda Zaqatala Rayon İcra Hakimiyyətinin seçkiyə müdaxilə etməsi və namizədlərdən birinin xeyrinə fəaliyyət göstərməsi haqda iddialar var.


Demokrat.az sfera.az-a istinadən xəbər verir ki, sözügedən dairədənsabiq deputat,Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev təkrar namizədliyini irəli sürüb. Lakin həyata keçirilən sorğular, onlayn səsvermələrin nəticələri göstərir ki, əslən başqa rayondan olan, deputat olduğu müddətdə zaqatalalıları yada salmayan Elşən Musayev üçün bu seçkilər siyasi fəaliyyət dövrünün ən ağır şoku olacaq. Belə ki, bu dairədən onun "diri” çıxmaq şansı sıfıra bərabərdir.


Bu dairədən Elşən Musayevin alternativləri olan digər iki namizəd – Fariz Həsənli və Nurlana Cəlilin şansları daha yüksək qiymətləndirilir. Belə ki, bütün rəy sorğularında Elşən Musayev adıçəkilən rəqiblərinə məğlub olub. Görünür, elə bunun nəticəsidir ki, 110 saylı Zaqatala seçki dairəsində namizədlərə qarşı təxribat xarakterli basqılar ara vermir. 


Baş verənlər isə artıq beynəlxalq siyasi təşkilatların da diqqətindədir. Belə ki, ATƏT nümayəndələri yanvar ayının 21-də namizəd Nurlana Cəlil, yanvarın 22-də isə Fariz Həsənli ilə görüşüblər. Namizədlər seçki dairəsində yaşananlarlıa bağlı məlumat verdikdən sonra ATƏT-in həm uzunmüddətli, həm də qısamüddətli müşahidəçilərinin nəzərinin 110-cu dairədə olacağı bildirilib.


Demokrat.az xəbər verir ki, bununla bağlı deputatlığa namizəd Fariz Həsənli özünün facebook hesabında da məlumat verib:


"Bu gün ATƏT in nümayəndə heyəti ilə görüş keçirdik. 9 Fevral tarixində bütün ölkə ilə yanaşı onların da diqqətinin 110 və 111 saylı dairədə olması üçün fikir alış verişi apardıq. Platformam ilə tanış oldular. Tətbiq etdiyim Data analitikasının nəticələri ilə tanış oldular və çox səmərəli hesab etdilər.Bakıdan təşrif buyuracaq Şəxsi müşahidəçilərimizin sayı, keçdikləri təlimlər haqqında məlumatları heyranlıqla dinlədilər. İmza toplama rekordumuzu da bildirdim. Çox hazırlıqlı, iddialı olduğumu hiss elədilər. Ölkə miqyaslı MSK və 102 qaynar xəttlərinin qarşımdakı əhəmiyyətsiz maneələri operativ şəkildə aradan qaldıraraq çox faydalı xidmət göstərdiyini bildirdim. Qısacası sərgilədiyimiz hələlik fragmentdir. Həyat sizinlə gözəldir əziz yerlilərim”


110 saylı Zaqatala seçki dairəsiondən namizədliyini irəli sürmüş Nurlana Cəlil isə İcra Hakimiyyətinin xəttilə həyata keçirilən seçkilərə müdaxilə hallarından yazıb:


"Dünən Muxaxdakı xoş görüşdən sonra bu gün canına vəlvələ düşənlər silsilə maneələrinə davam etdi. İcra Hakimiyyəti nümayəndələrindən tutmuş, onların dəstəklədiyi saxta deputatın əlaltıları seçki prosesinin pozulması adına cinayət xarakteri daşıyan əməllərini hər gün birə beş artırır. Bir dost demiş qorxular sevgi ilə dəf edilir! Davam edin :)


- Təbliğat kampaniyama ciddi maneələr edilir


Bu gün ATƏT / DTİHK-nin regiondakı uzunmüddətli müşahidəçiləri ilə Muxax kəndindəki görüşümdən sonra qonşu Yuxarı Çardaxlar kəndinə fərdi görüşlərimi aparmaq üçün getdim. Kənd icra nümayəndəsi Əli Şabanov və Bələdiyyə sədri Əminət Həsənova mənə qarşı təxribat törətdilər; sözlü hücum etdilər, oturduğumuz çayxanadan insanları zorla bayıra atdıraraq, çayxananı bağlatdılar. Bir neçə kəndli buna etiraz etsə də zorbalığın öhdəsindən gəlmək olmadı. Şabanova icranın sifarişi ilə bunu edir və bu davranışla qanunu pozduğunu dedim. Qarşılığında mənə cavab verdi ki, icra başçısını prezident təyin edib və o, prezindentin dediklərini edir, ona xidmət edir.


Bu gün baş verən hadisələrin bir qismini qeydə almışam və əvvəlki postumda paylaşmışam.


- Posterlərim yoxa çıxır və asıldığı yerlərdən məcburən çıxardılır


Bu gün Muxax, Mosul, Bəhmətli kəndlərində posterlərim yığışdırılıb. Bəhmətli kəndində mağazasından posterimi asan sahibkarları icra başçısının elçisi Bəhmətli kənd sakini İdris Babayev vergi qurumları ilə təhdid edərək, şəkillərimi yığışdırmağı əmr edib. Qorxan sahibkar buna əməl edib. Bundan başqa İcra nümayəndəsi Şamil Xasməmmədov məntəqənin qarşısındakı lövhədə şəkilimi yuxarı sırada asdığımı görərək, lövhəni yenidən düzənə salıb, saxta deputat Elşən Musayevin 3 şəkilini əlavə asdıraraq, şəkilimi aşağıda yerləşdirib. Kəndimdəki hər iki lövhədə saxta deputatın neçə şəkili varsa, o qədər öz şəkilimi əlavə etdim. Ölmüşdü Xankişi!


Lahıc kəndində də posterimi asdığımda Lahıc kənd icra nümayəndəsi məni təqib etdi. Qaranlıq olduğu üçün maşını az aralıda saxlayıb, izləyirdi. Yaxınlaşıb niyə məni təqib etdiyini soruşduqda, öz ərazimdi istədiyimi edərəm deyərək cavab verdi.


- DSK zəng edərək görüş qrafiki verməyimi istədi


Mənim belə bir qrafik vermək məcburiyyətim yoxdu. Bu arada, Yuxarı Çardaxlar kənd icra nümayəndəsi Əli Şabanov DSK sədri Fikrət Mustafayevi niyə mənim namizədliyimi qeydə aldığı üçün (İddia edir ki, bunu MSK istəməyib DSK qeydə alıb) onu günahlandırdı və bu hərəkətə görə şikayət edəcəyini bildirdi.


Bir gün içində bu qədər hal yaşanır. Zaqatalada dağ havasından da qorxu iyi gəlir. Qorxursunuz ha, bunu görmək məni daha da coşdurur.


Sevgilər

Sizin Nurlana”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top