Madər Musayevin Seçki Qərargahı "qarayaxanlar"ı qınadı — AÇIQLAMA

SİYASƏT 15 yan 2020, 14:49

“Son günlər 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizəd Madər Musayevə qarşı bəzi media resurslarında qara PR kampaniyasına başlanıb. Təəssüf ki, bu kampaniyanın iştirakçıları arasında Madər Musayevlə eyni dairədən namizədliyini irəli sürmüş şəxslər də var.”


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Madər Musayevin Seçki Qərargahı yayıb.


Məlumatda bildirilir: “Reket” internet resursları tərəfindən yayılan qeyri-dəqiq informasiyaları sosial şəbəkələrdəki hesablarından paylaşan bəzi namizədlər seçkiqabağı təşviqatın aparılması üçün qanunla müəyyən olunmuş vaxtdan əvvəl əks-təbliğatla məşğul olur, əsassız ittihamlarla çıxış edirlər. Bu da seçki qanunvericiliyinin pozulması deməkdir. Onlar yaxşı bilirlər ki, məlum internet saytların yaydığı sözügedən iddialar əvvəllər də cəmiyyətdə heç bir nüfuzu olmayan digər saytlarda tirajlanıb və Madər Musayev tərəfindən dəfələrlə təkzib edilib”.


Məlumatın davamında bildirilir ki, namizədlərin bəziləri sosial şəbəkələrdə Respublikada, o cümlədən Binəqədi rayonunda xüsusi nüfuzu ilə seçilən namizəd üzərindən ajiotaj yaratmaqla diqqəti özlərinə cəlb etmək istəyirlər: “Millət vəkilini sosial şəbəkə iştirakçıları deyil, xalq seçir. Hesab edirik ki, Binəqədi və Biləcəri qəsəbəsində tələb olunan imzaları zorla toplayan bu insanlar 10 saylı üçüncü Seçki Dairəsi ərazisində uğur qazanmayacaqlarını əvvəlcədən bildikləri üçün bu cür taktikanı seçiblər. Bütün bunlara baxmayaraq, onların hər birinə hörmətlə yanaşır, ədalətli, qanunlar çərçivəsində mübarizə aparmağa dəvət edirik”. (azadinform)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top