Niyaməddin Orduxanlının qohumu "Qəbələ"nin məşqçisini bıçaqladı — Cinayət İŞİ

KRİMİNAL 05 yan 2020, 17:07

Abşeron rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Novruz Orduxanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az xəbər verir ki, 20 mart 2018-ci ildə səhər saatlarında Abşeron rayonunun Mehdiabad qəsəbəsində Novruz Orduxanlının tanışı Kamran İsmayılovla mübahisə yaranıb.


Mübahisə zamanı Novruz Orduxanlı Kamran İsmayılovu nalayiq söyüşlərlə təhqir edib və onun şəxsiyyətini alçaldıb. Kamran İsmayılov bu barədə qardaşı Səbuhiyə xəbər verib.


Daha sonra Səbuhi İsmayılov Novruz Orduxanlını görüşə dəvət edib. Onlar martın 21-də Mehdiabad qəsəbəsində, 28 May küçəsindəki “Praqa” çay evinin arxa tərəfindəki boş ərazidə görüşüblər.


Səbuhi İsmayılov Novruz Orduxanlıya qardaşını təhqir etməsinə görə iradını bildirib. Nəticədə onlar aralarında mübahisə yaranıb. Novruz Orduxanlı üstündə gəzdirdiyi bıçaqla Səbuhi İsmayılova xəsarət yetirib.


Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Novruz Orduxanlı həbs edilib.


İstintaq orqanı tərəfindən Novruz Orduxanlının barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Novruz Orduxanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Novruz Orduxanlı apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Novruz Orduxanlının şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Məhkəmə Novruz Orduxanlının şikayətinin təmin edib. Onun əməli Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Ona 9 ay cəza təyin edilib.


Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Novruz Orduxanlının barəsində olan Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını, ona ağır cəza təyin olunmasını istəyib.


Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya protestinin dəlilləri araşdırılıb, sonda protestin təmin edilməməsi barədə qərar qəbul edilib.


Səbuhi İsmayılov taekvando üzrə idman ustasıdır. “Taekvando” idman klubunun Qəbələ “Taekvando” idman məktəbinin baş məşqçisidir.(Offsideplus.az)


Qeyd edək ki, Novruz Orduxanlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlının qohumudur. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top