Elxan Şahinoğlu: “Prezidentin sözlərindən aydın oldu ki, ona tərif yox, vəziyyəti əks etdirən hesabatlar lazımdır”

GÜNDƏM 26 dek 2019, 11:10

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində mühüm tezislərə toxundu. Dövlət başçısı hər şeyi açıq-aydın və çılpaqlığı ilə açıqladı - ictimaiyyətə, məmur kontingentinə ismarışlar verdi, icra başçılarının həbsindən danışdı, o cümlədən erkən parlament seçkilərindən söz açdı, bir sıra məsələləri mətbuatdan öyrəndiyini vurğuladı.

 

Demokrat.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat" a açıqlamasında bildirib ki, prezident səbəbləri vurğulamaqla parlamentin indiki tərkibindən razı olmadığını qeyd etdi.

 

“Buna baxmayaraq, bir sıra passiv deputatların yenidən namizədliklərini irəli sürmələrinə dair xəbərlər çoxalır. Əslində bununla həmin keçmiş deputatlar prezidentin yanaşmasını qəbul etmədiklərini büruzə verirlər. Prezidentin müsahibəsində dediyi və sosial şəbəkələrdə ən çox müzakirə olunan cümlə isə budur: ”Qanunsuzluq edən məmurlar xalqdan qorxmurlar, heç olmazsa Allahdan qorxsunlar".  Ümumiyyətlə, iki rayonun icra başçısının rüşvət və soyğunçuluq üstündə həbs olunmaları icra hakimiyyəti institutuna zərbə vurdu. Onsuz da əvvəl də bu instituta inam az idi. Yerlərdə seçkili orqanların, yəni bələdiyyələrin səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu halda onların məsuliyyəti də fərqli olar"-deyə, o bildirib. 

 

Politoloqun fikrincə, prezidentdən başqa heç bir rəsmi şəxs mövcud duruma bu qədər açıq qiymət verməmişdi: “Prezident ictimai nəzarətin hədsiz zəif olmasından da narazıdır. Prezident bu nəzarəti hətta ”ibtidai səviyyədə" qiymətləndirdi. Prezidentin sözlərindən o da aydın oldu ki, ona tərif yox, vəziyyəti əks etdirən hesabatlar və fikirlər lazımdır ki, problemlərin həlli mümkün olsun. Həqiqətən hədsiz tərif və monoloq inkişafa, problemlərin həllinə mane olan əsas amildir. Prezident yanında İctimai Palatanın yaradılması da zəruridir. Bu Palatanın sözünü deyə bilən və cəmiyyətin problemlərindən xəbərdar olan insanlardan formalaşması mümkündür. Məsələn, Rusiyada belə bir Palata fəaliyyət göstərir və Palata üzvləri mütəmadi toplantılarında Rusiya prezidenti qarşısında müxtəlif problemləri qaldırır, müzakirələr aparırlar.

 

Rusiya prezidenti yanında gənclərdən formalaşan Xalq Cəhbəsi adlanan hərəkat da fəaliyyət göstərir. Onlar da ictimai nəzarət funksiyasını həyata keçirirlər. Bu modeldən Azərbaycanda da istifadə etmək olar. Yerli icra hakimləri və məmurlar üzərlərində cəmiyyətin ciddi nəzarətini hiss etməlidirlər ki, qanunsuz əməllərdən çəkinsinlər".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top