“Bayramda artan qiymət bir daha ucuzlaşmır” — İqtisadçı

İQTİSADİYYAT 20 dek 2019, 23:03

Bazarlarda, marketlərdə əvvəlki günlərlə müqayisədə daha çox alıcı nəzərə çarpır. Buna əsas səbəb Yeni il bayramına hazırlıqdır. Alıcılar bayram ərəfəsində qiymətlər artdığından bazarlığı öncədən etməyə çalışırlar.

 

Təəccüblü deyil ki, bu il ərzaq məhsullarında keçən ilin müvafiq dövrünə nisbətən 1.5-3% qiymət artımı müşahidə olunur. Bəzi qiymətlər aşağıdakı kimi tənzimlənib:

  

Düyü- 1.30- 8.00

Kartof- 0.75- 2.10

Soğan- 0.49- 1.30

Toyuq əti- 2.99- 6.00

Mal əti- 10.65- 16.50

 

Bəzən supermarketlər endirim adı altında bir və ya bir neçə məhsulu alıcılara təqdim edirlər. İlk baxışdan sərfəli görünən bu məhsulların öncəki qiymətlərindən də baha olduğu məlum olur. Bəzən də sahibkarlar son istifadə müddəti keçmiş məhsulu endirim adı altında sataraq həm əlavə mənfəət qazanır, həm də alıcıların hüquqlarını ciddi şəkildə pozurlar.

 

 Əhalini düşündürən bu mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova Modern.az-a açıqlama verib.

  

O, qeyd edib ki, bir çox xarici ölkələrdə bayramqabağı xüsusi endirimlər müşahidə olunur.

 

"Ölkəmizdə isə insanlar ürəkləri istədiyi kimi alış-veriş edə bilmirlər. Reklam kampaniyası adı altında alıcıların "gözünü boyamaq üçün" məhsulun qiymətinin üstündən xətt çəkib yenidən həmin qiyməti yazırlar. Burada sahibkar öz mənfəətini güdərək alıcıların hüquqlarını ciddi şəkildə pozmuş olur. Və təəssüf ki, bayramda artan qiymətlər il boyu davam edir, bir daha ucuzlaşmır".

 

G.Hüseynova bildirib ki, bəzi iqtisadçılar bunun tələb və təklifdən asılı olduğunu deyir:

 

"Lakin bu yanlış fikirdir. Azərbaycanda bazar qanunları işləmir. Bazarda 10% inflyasiya varsa, bunun yanlız 2- 2,7 %-i Azərbaycan iqtisadiyyatında gedən problemlərdən qaynaqlanır. Yerdə qalan 6-7% isə süni qiymət artımının nəticəsidir. Bu da əvvəllər aşağı təbəqənin büdcəsinə ziyan vururdusa, son dövrlər, hətta orta təbəqəyə də ciddi təsir göstərir. Sahibkarlar öz biznes strategiyasını dəyişmir və gələcəkdə potensial alıcılarını itirirlər. İndi 4 nəfərlik bir ailənin bayram alış- verişi üçün orta büdcə 150-200 manat civarındadır ”.

Ekspert qeyd edib ki, qiymətləri tənzimləmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən bazarda mütəmadi olaraq monitorinqlər aparılır, həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif ərazilərdə yarmarkalar keçirilir.

 

Qeyd edək ki, bu il qış yarmarkaları dekabrın 21-dən başlayaraq, Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeron rayonlarında təşkil ediləcək. Kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əyləncəli proqramların təşkili də nəzərdə tutulub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top