Fariz Nəcəfov: "Qəbələ"nin dağılması Azərbaycan futbolu üçün zərbə olardı” — FOTOLAR

İDMAN 19 dek 2019, 22:05

“Qəbələ” İdman Klubunun yeni sponsorla anlaşmasına həsr olunan mətbuat konfransı keçirilib.

 

Apasport.az saytının məlumatına görə, tədbirdə əyalət təmsilçisinin rəhbərliyi, həmçinin “qırmızı-qaralar”a sponsorluq edəcək “Jalə” Şirələrinin nümayəndələri qatılıblar.

 

Konfransda öncə “Qəbələ”nin prezidenti Fariz Nəcəfov və şirkətin marketinq direktoru Amid Səfərov arasında sponsorluq müqaviləsi imzalanıb. Klub rəhbəri yeni tərəfdaşa komandanın 10 nömrəli formasını hədiyyə edib.

 

Ardınca F.Nəcəfov müqavilə barədə fikirlərini açıqlayıb: “Son vaxtlar klubun büdcəsi mətbuatda və sosial şəbəkələrdə müzakirələr gedirdi. Sponsor axtarırdıq. Bununla bağlı bir neçə şirkətlə görüşərək, müzakirələr aparmışdıq. Hazırda da görüşmələr davam edir. Artıq "Jalə" Şirələri ilə anlaşmışıq”.

 

Klub prezidentinin sözlərinə görə, əlavə sponsorların cəlb edilməsi üçün axtarışlar davam edir: "Maliyyə məsələsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümüz oldu. Bildiyiniz kimi, AFFA bir sıra klublara maliyyə dəstəyi verir. Biz də belə bir dəstək üçün müraciət etmişdik. Federasiyadan bildirildi ki, qurumun büdcəsi əvvəlcədən - illik təsdiq olunduğu üçün hazırda bizə maliyyə dəstəyi verə bilməyəcəklər. "Qəbələ" ilə bağlı AFFA İcraiyyə Komitəsində hansı müzakirələrin getdiyindən xəbərsizik. "Qəbələ"nin dağılması Azərbaycan futbolu üçün zərbə olardı. Hazırda başqa sponsorlarla da danışıq gedir".

 

F. Nəcəfov yeni sponsorla anlaşmalarına baxmayaraq, yenə AFFA-dan maliyyə dəstəyi gözlədiklərini qeyd edib: "Klublar Komitəsi və İcraiyyə AFFA tərəfindən klublara ayrılan maliyyə vəsaiti müəyyən meyarlar əsasında olmalıdır. Başqa ölkələrdə də bu təcrübə var. AFFA tərəfindən vəsait hansısa meyarlara görə klublar arasında bölünərsə, biz də həmin siyahıda olmaq istərdik. Açığı, belə bir dəstəyi gözləyirik. İstəyir Müşahidə Şurası olsun, istərsə də prezident strukturu olsun - klublar müstəqil olmalıdır, AFFA-dan pul almamalıdırlar. Elxan Məmmədovun da dediyi kimi iş adamları cəlb edilməlidir. Onlara da sponsorluğa görə müəyyən güzəştlər olunmalıdır".

 

Onun sözlərinə görə, "Gilan Holdinq" "Qəbələ"nin təsisçisi kimi qalacaq.

 

Konfransda iştirak edən "Jalə" Şirələrinin Marketin direktoru Amid Səfərov əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, hər iki brendin Azərbaycanı layiqincə təmsil edəcəyi vurğulayıb.

 

Anlaşmaya əsasən, müqavilə 1,5 illik nəzərdə tutulub. Həmin müddətdə "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq.

 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top