Müsavat rəhbərliyi ilə Yadigar Sadıqlının NAMİZƏD QALMAQALI

SİYASƏT 19 dek 2019, 14:42

Partiya başqanlığına keçmiş namizəd deputat seçkisinə müstəqil getməsinin səbəbini açıqladı; Arif Hacılının müavini isə bunu riyakarlıq adlandırdı - tanınmışlardan reaksiyalar
Müsavat Partiyasının növbədənkənar parlament seçkilərində irəli sürdüyü namizədlər arasında başqanlığa keçmiş namizəd Yadigar Sadıqlının adının olmaması mübahisələrə səbəb olub.

 

Y.Sadıqlı facebook hesabında Müsavat Partiyasının indiki rəhbərliyinin onun namizədliyini dəstəkləməyəcəyini bildirib: “Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. ”Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər. Sabah (bu gün-red.) imza vərəqələrini götürməliyəm. Bilirəm, qeydə almaya bilərlər. Bilirəm, min bir əngəl törədəcəklər. Bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər. Bilirəm, yenə xeyli zəhmət və əsəb xərcləyəcəm. Bir çoxları kimi say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın".

 

Müsavat başqanının müavini Səxavət Soltanlı isə öz statusunda qeyd edib ki, Müsavat Partiyası seçkilərdə iştirak haqqında qərar verdiyi Məclis toplantısında bütün rayon təşkilatlarına və üzvlərinə açıq formada müraciət edib: “Ki, kim hansı dairədən namizəd olmaq istəyirsə partiyaya bildirsin. Kim ki, müraciət edib müzakirə edilib. Yadigar Sadıqlı isə partiyanın namizədi olmamaq üçün riyakarlıq edib, gizli şəkildə namizədliyini verib. Partiya son ana qədər onun qərarını gözləyib ki, Yadigar Sadıqlı fikirləşsin, bir qərar versin. Sosial şəbəkədə bildirmişdi ki, maddi problemlərlə bağlı qərarını qətiləşdirməyib. Maddi dəstək taparsa, 73 saylı dairədən namizəd olacaq. Partiya da bu fikirləşmənin bitməsini, əlbəttə, sonsuza qədər gözləyə bilməzdi. Bununla belə, həmin dairədən namizəd irəli sürməyib, hələ də namizəd siyahımız yekunlaşmayıb”.

 

Yadigar Sadıqlı ile ilgili görsel sonucu

 

Onun sözlərinə görə, Yadigar Sadıqlı seçki işinə rəhbərlik edən Gülağa Aslanlıya da heç bir müraciət etməyib: “Baxmayaraq ki, siyahı açıqlandıqdan 2 gün əvvəl partiyanın mərkəzi qərargahında olub. Partiya üzvü partiyaya müraciət etmədən, latent şəkildə DSK-ya gedib namizədlik verib, bu hərəkətinə görə ən azı partiya üzvlərindən üzr istəmək əvəzinə, yenə də partiyanı borclu çıxarmağa çalışır. Namizəd olacağını sosial şəbəkədə belə elan etsəydi, partiya onu rəsmən dəstəkləyəcəkdi. O müraciətindən sonra partiya onu dəstəkləməsəydi, bundan növbəti şou düzəldərdi. O zaman haqlı da olardı”.

 

Müsavat Məclisinin sabiq üzvü Könül Şamilqızı da məsələyə reaksiya verərək status yazıb ki, MTN-ə işlədiyi, işverən olduğu elə-günə, hamıya bəlli olan birini gətirib Müsavata üzv elədilər: “Camaat da haqlı olaraq bu biabırçılığın səbəbini soruşur. Cavab verən yoxdur. Biri deyir ki, 2005-də olan işverənliyi 2019-da niyə yada salırsız ki? Biri hələ də suala cavab vermək yerinə həyasızcasına Yadigar Sadıqlını ittiham eləyir. Əmsalı görünməmiş riyakarlıqla qarşı-qarşıyayıq - sadəcə, biz müsavatçılar deyil, bütün Azərbaycan cəmiyyəti...”

 

Ümumiyyətlə, hər iki tərəfin yazdıqlarına müxtəlif şərhlər, mövqelər sərgilənib, müzakirələr açılıb.

 

AĞ Partiya başqanı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı, 2014-cü ildə Müsavat başqanlığına namizəd olmuş Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, vaxtilə onlar da eyni aqibətlə üzləşiblər: “Partiya 2015-ci il parlament seçkilərində əleyhimizə namizədlər verdi. Məni, Əhədi, Rüfəti dəstəkləmədilər. Biz bu məsələləri qaldıranda xəyanətdə, iqtidarın ”dəyirmanına su tökmək"də ittiham eləmişdilər. Arif Hacılının əleyhinə olanları şəfibəyçilər adlandırmışdılar. İndi özlərini şəfibəyçi elan edirlər".

 

AĞ Partiya sədri Müsavat Partiyasının bugünkü halının təəssüf doğurduğunu qeyd etdi: “Parlamentdə namizədliyə partiyanın nüfuzlu şəxsləri önə çəkilməlidir. Onlar partiyada Divan və ya Məclis üzvü seçilməyə bilərlər, normal qarşılanar. Amma cəmiyyətdəki nüfuzları nəzərə alınmalıdır və seçkidə onlar irəli aparılmalıdır”. (Yeni Müsavat)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top