“Deyirsiniz, ermənilər səngərdə əyilə-əyilə gəzir, özünüz müharibə vaxtı harada idiniz?” – VİDEO

SİYASƏT 17 dek 2019, 23:33

“Elman Nəsirov Yeni Azərbaycan Partiyasını mətbuata ən pis təqdim edənlərdən olub. Azərbaycan Prezidentinin siyasətini mətbuata ən bərbad şəkildə təqdim etmisiniz”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə deputat Elman Nəsirovla APA TV-də debatda deyib.

 

E.Nəsirov İ.Ağazadədən faktlarla danışmağı xahiş edib.

 

İqbal Ağazadə belə cavab verib: “Ermənistan-Azərbaycan münasibətlərindən tutmuş digər məsələlərə qədər... Faktlarla danışıram, deyirsiniz ki, erməni əsgəri səngərdə əyilə-əyilə gəzir. Bu, biabırçılıq idi”.

 

E.Nəsirov səsləndirdiyi bu fikrə aydınlıq gətirəcəyini bildirib: “İzah verərəm”.

 

İ.Ağazadə isə buna ehtiyac olmadığını qeyd edib: “Heç bir izaha ehtiyac yoxdur. Ritorik sual verdim, izahat gözləmirəm ki... Qulağım eşidir, gözüm görür. Seçici olaraq deyirəm, partiya sədri olmağımı kənara qoyuram, Azərbaycanda səslənən hər bir fikri təkcə ölkə daxilində eşitmirlər ki. Dünya inkişaf edib, hər yerdə eşidilir. Hakimiyyətin gördüyü işləri bərbad edənlərdən biri siz idiniz. Barmağınızla göstərirsiniz ki, erməni əsgəri səngərdə dik gəzə bilməz, qoymarıq... Sizin ağzınızdan çıxanı qulağınız duyurmu? Ərazimizin 20 faizi işğal olunub, ermənilər bizim ərazimizdə özlərinə səngər qazıblar. Fikirləşirsinizmi ki, səngərdə dik gəzmək olmur, elə əyilə-əyilə gəzirlər. Müharibə vaxtı harada idiniz, niyə müharibədə olmamısınız, niyə vətəni qorumağa getməmisiniz?”. (pravda.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top