“Mübarizə aparırdılarsa, ölkədə aparaydılar, xaricə gedib söyüş söymək xəyanətdir” — Şeyxin qardaşı

MÜSAHİBƏ 16 dek 2019, 20:24

Cavanşir Paşazadə: “Milli Məclisi bu cür davranışlarla gözdən salmaq olmaz”

 

Deputat: “Bəzi deputatlar həyata keçirilməsi mümkün olmayan təkliflər irəli sürürlər”
 

Milli Məclisin deputatı Cavanşir Paşazadənin Pravda.az-a müsahibəsi:
 

- Son zamanlar gənc kadrların irəli çəkilməsini necə qiymətləndirirsiniz?
 

- Prezident İlham Əliyev son illər həyata keçirdiyi kadr islahatları göz önündədir. Dövlət başçısı gənc kadrları irəli çəkir. Amma bu, o demək deyil ki, işdən çıxarılanlar dövlətə, xalqa xidmət etməyiblər. Ölkədə islahatlar aparılır, kadrlar yenilənir. Müxalifyönlü şəxslərin vəzifəsindən azad edilənlərlə bağlı fikirləri həqiqəuyğun deyil. Həmin insanlar dövlətin inkişafına xidmət ediblər, cənab Prezident də həmin şəxslərin əməyini yüksək qiymətləndirib. Bu səbəbdəndir ki, Azərbaycanda bütün sahələrdə inkişaf özünü göstərir. Burada, təbii ki, hakim Yeni Azərbaycan Partiyasının üzvlərinin xüsusi rolu var.  Milli Məclisin buraxılması vacib məsələlərdən biri idi. Çünki hər bir dövlət strukturu ölkədə aparılan islahatlara cavab reaksiya verməlidir. Müxalifət parlamentin buraxılmasını düzgün şərh etmir, ictimaiyyəti çaşdırmaqla məşğuldur. Xatırlayırsınızsa, keçirdikləri mitinqlərdə parlamentin buraxılmasını təklif edirdilər. Zaman keçdi, Milli Məclisin buraxılmasına zərurət yarandı. Onlar indi başqa bəhanələrdən istifadə edirlər. Hesab edirəm ki, bəzi deputatların fəaliyyəti qənaətbəxş olub. Sadəcə, parlamentin işi bir-iki deputatdan asılı deyil. Burada bütün deputatlar fəal olmalı, seçicilərin qayğısına qalmalı, regionlarda dövlət başçısının həyat keçirdiyi islahatları təbliğ etməlidirlər. Milli Məclis son 4 il ərzində 1 700-dən artıq qanun və qərar qəbul edib, dövlətin işinə töhvə verib, xalqa ləyaqətlə xidmət edib. Yəni bu müddət ərzində deputatların fəaliyyətini kiçiltmək düzgün deyil. Sadəcə, ölkədə həyata keçirilən islahatlar Milli Məclisin də buraxılmasını zəruri edirdi. Bilirsiniz ki, parlamentdə Yeni Azərbaycan Partiyasının üzvləri çoxluq təşkil edir. Onlar Milli Məclisin buraxılması üçün Prezidentdə müraciət etdilər. Bu müraciətdən sonra parlamentin fəaliyyət göstərməsi mümkün deyildi. Çünki qanun və qərarların müzakirəsi və qəbulu zamanı yetərsay olmayacaqdı. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Milli Məclis buraxıldı və 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri təyin edildi. Hazırda hakim partiyada namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Partiya kimi məsləhət biləcəksə, həmin şəxslər də seçkilər də iştirak edəcək.
 

- Ümumiyyətlə, cəmiyyətin deputatlara münasibəti necədir?
 

- Burada yanaşma fərqlidir. Bütün deputatlara münasibət eyni ola bilməz. 2005-ci ildən 75 saylı Lənkəran – Masallı seçki dairəsinin deputatıyam. Fəaliyyətimə seçicilər qiymət verə bilərlər... Milli Məclisin deputatları Prezident İlham Əliyevin həyata keçirdiyi layihələrə dəstək veriblər. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3, sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. 15 il ərzində 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr icra olunub, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub. 14 il əvvəl seçicilərin qarşısına çıxanda, deyirdilər ki, heç olmazsa, iki saatlıq işıq verin. Təbii qazdan söhbət gedə bilməzdi, kənd yolları bərbad idi, yolsuzluq şəraiti vardı. Dövlət başçısı cənab İlham Əliyev bütün bunların hamısını həll etdi. Biz də dövlətlə xalq arasında vasitəçi olmuşuq. Daim rayonun problemlərini qaldırmışam. Prezident İlham Əliyev bölgəyə səfər edəndə yol çəkilməsi, məktəb tikilməsi xahişini etmişəm. Məktəb tikintisi üçün Baş Nazirə, Heydər Əliyev Fonduna da müraciətlər etmişəm, məsələ həllini tapıb. Yolun, işığın, qazın, suyun çəkilməsində, məktəb tikintisində və digər problemlərin həlli istiqamətində ölkə rəhbərliyi ilə birlikdə əlimizdən gələni etmişik. Bir daha qeyd edirəm, bunu dövlət başçısı edir, biz, sadəcə, vasitəçiyik, deputatın işi budur. Vasitəçilik işinin də öhdəsindən gəlmək lazımdır. İnanın, bəzi hallarda hansısa məmurun yanında pis də olmuşuq, amma seçicinin probleminin həllinə çalışmışıq. Prezident İlham Əliyev qaldırdığımız bütün problemlərə dərhal reaksiya verib. Buna görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm.
 

- Qaldırdığınız bütün problemlərin hamısı həll edilib?

 
- Bəli. Bir deputat deyə bilməz ki, filan problemi qaldırdım, reaksiya olmadı. Mümkün deyil. Söhbət həlli mümkün olan problemlərdən gedir. Bəzi deputatlar həyata keçirilməsi mümkün olmayan təkliflər irəli sürürlər. Ona görə də belə təkliflər nəzərə alınmır. Real vəziyyətə uyğun təklif vermək lazımdır. Prezident İlham Əliyev hər zaman təkliflərimizə həssas yanaşıb, həlli istiqamətində müvafiq tapşırıqlar verib. Əmin olun, hər bir problem dövlət başçısının diqqətindədir. Prezident cənub bölgəsinə səfərlərinin birində qeyd etdi ki, ərazi turizm zonası kimi faydalıdır, ona görə də abadlıq-quruculuq işləri gücləndirilməlidir. Hazırda yüksək səviyyədə şərait yaradılıb, indi turistlərə kəndlərə rahat gedə bilirlər.
 

- Amma etiraf etmək lazımdır ki, regionlarda işsizlik problemi var...

 
-Hər bir kəndlinin özünə məxsus torpaq sahəsi var. Kəndli həmin torpağı özünə iş yeri saymalıdır. Kənd Təssərrüfatı Nazirliyi də müəyyən işlər görməlidir. Əkinə şərait və bazar yaratmaq lazımdır. Sovet dövründə kəndli malını dövlətə satırdı. Müəyyən qiymət siyasəti aparılırdı. O bilirdi ki, əkdiyi məhsulu hansı qiymətə satacaq. Kəndli qiyməti bildiyi üçün nə əkəcəyini müəyyən edirdi. İndi isə kombinatlar şəxsidir, o da məhsulu istədiyi qiymətə alıb. Tutaq ki, məhsul boldur, bu zaman kəndlinin məhsulu kombinatın müəyyən etdiyi qiymətə satmamaqdan başqa yolu yoxdur. Ona görə də qiymət öncədən bilinməlidir. Kəndli bilməlidir ki, əkdiyi məhsulu neçəyə satacaq. Ona görə bu bazar yaradılmalıdır. Bundan başqa, məhsulun xaricə çıxarılması üçün kəndliyə dəstək verilməlidir. Təbii ki, iş yerlərinin yaradılması vacibdir. İşsizlik həmişə olub, olacaq da. Sadəcə, kütləvi işsizliyin qarşısı alınmalıdır. Bunun üçün də müvafiq addımlar atılır, sahibkarlığın inkişafına dəstək verilir.

 
- Şou biznes nümayəndələrinin deputat seçilmək istəmələri nədən qaynaqlanır?

 
- Azərbaycanın səsvermə hüququ olan hər bir vətəndaşı seçkilərdə iştirak edə bilər. Yəni burada dinindən, cinsindən, irqindən asılı olmayaraq hər kəs namizədliyini irəli sürməkdə sərbəstdir. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə idarəçilik zəif idi, ölkədə hərc-mərclik baş alıb gedirdi. Xatırlayırsınızsa, həmin dövrdə hamı prezident olmağa iddialı idi. Bu işin məsuliyyəti ağırdır. Milli Məclisi bu cür davranışlarla gözdən salmaq olmaz. Deputat olmaq üçün nüfuzun, hörmətin olmalıdır, problem həll etmək bacarığını göstərməlisən. Yəni seçiciyə bələd olmaq lazımdır, onu tanımalısan, problemini öz problemin kimi qəbul etməlisən. Seçki azaddır, seçici hər şey görür, seçim edir...

 
- Sosial şəbəkələri izləyirsiniz? Sizi qane etməyən nədir?

 
- Orada yalanlar çox olur, elə şeylər yazırlar, təəccüblənməyə bilmirsən... Bunu edənlərin əksəriyyətinin heç təhsili də yoxdur. O qədər yalan yazır ki, həqiqəti yazanda da, inanmırsan. Ən biabırçı vəziyyət isə dövlət başçısının, onun ailə üzvlərinin ünvanına səsləndirilən təhqirlərdir. Belə olmaz. Söyüş ritorikasına son qoyulmalıdır. Biz azərbaycanlıyıq, cənab İlham İlham Əliyev ölkənin rəhbəridir, onun namusu bizim namusumuzdur. Tənqidin əleyhinə deyilik, edin, normal yanaşırıq, çünki sağlam cəmiyyətdə tənqid olmalıdır. Amma təhqir heç cür qəbulolunan deyil. Prezidentin təhqir olunması 10 milyon azərbaycanlının təhqir olunması deməkdir. Mühacirətdə olanların hərəsi bir “Youtube” kanalı açıb, xalqı təhqir edir. Bəs öz ananı, bacını təhqir etdiyin xalqın içində niyə saxlamısan? Deputatları ən ağır söyüşlərlə təhqir edirlər. Təhqir cinayətdir... Onlar mətbuat adamı deyillər, avaradırlar, oğrudular. Vaxtilə ölkədə heç bir uğura nail ola bilmədiklərinə görə bu cür addımlar atırlar. Xalqa xəyanətə etmək olmaz. Başa düşmürlər ki, həmin video-çıxışlara ailədə qadınlar, uşaqlar da baxa bilər. Ona görə də hər kəs addımına diqqət etməlidir. Mübarizə aparırdılarsa, ölkədə aparaydılar, xaricə gedib söyüş söymək xəyanətdir. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində müxalifətlə bağlı çox dəqiq məlumatlar verdi. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkə nələr yaşayıb, hər kəs bilir. Xalq bir də onları hakimiyyətdə görmək istəmir. Jurnalist heç vaxt belə təhqirlər səsləndirməz, onlara hörmətimiz böyükdür. Mən özüm istənilən jurnalistə müsahibə verirəm, hansısa jurnalist deyə bilməz ki, Cavanşir Paşazadəyə zəng etdim, cavab vermədi... Yəni deməyim odur, təhqir səsləndirilən mətbuata heç aidiyyatı yoxdur. Sadəcə, sosial şəbəkə hər kəsə tribuna verir, imkanlar yaradır, ona görə belə hallar ortaya çıxır.

 
- Azərbaycan mətbuatının vəziyyəti necədir? Deputat kimi nələr müşahidə edirsiniz?

 
- Prezident İlham Əliyevin son 10 ildə mətbuat üçün gördüyü işlər nümunədir, dünyanın elə ölkəsi yoxdur ki, jurnalistə mənzil hədiyyə edilsin. Azərbaycan mətbuatı MDB məkanında ən yüksək yeri tutur, hətta Avropa ölkələri ilə müqayisə edilə bilər. Bu da, təbii ki, dövlət başçısının dəstəyi sayəsindədir. Prezident jurnalistləri özünün dostu hesab edir, dəfələrlə də deyib ki, Azərbaycan mətbuatını yaxından izləyir. Düzdür, bəziləri nələrisə gizlətməyə çalışıb, amma Prezident məsələni mətbuatdan oxuyub tədbir görüb. Burada sui-istifadə halları da baş verir. Hansısa məmuru qaralayan, ləkələyən yazılar da olur.
 

- Dövlət başçısının çıxışlarının birində məmurların bir-birilərini mətbuat vasitəsilə şantaj etməsi məsələsinə toxundu...
 

- Bəli. Belə hallar da olub. Zamanla hansısa məmurlar müxtəlif saytları maliyyələşdiriblər, mətbuatdan təzyiq vasitəsi kimi istifadə ediblər.
 

- Sizi şantaj ediblərmi?
 

- Çox ciddi şantajla rastlaşmamışam. Çünki hər hansı neqativ əməlim olmayıb. Bir daha deyirəm, jurnalistlərlə münasibətim normaldır. Fərq qoymuram, jurnalist müxalifyönlüdə ola bilər, hökumətyönlü də. Müxalifyönlü mediya da müsahibə verəndə, fikirlərimi açıq şəkildə bildirirəm, razılaşmadığım məqamları qeyd edirəm. Düzdür, reketlər də var. Onları jurnalist hesab etmək olmaz.
 

- Yeni təyin olunan məmurlarla münasibətiniz necədir?
 

- Onlar hələ yenidirlər. Hələki fəaliyyətləri normaldır, uğurlu addımlar atırlar.

 
- Yeni Azərbaycan Partiyası növbəti parlament seçkilərində namizədliyinizi irəli sürəcəkmi?
 

- Yeni Azərbaycan Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını hazırlayır. Partiya rəhbərliyi namizədliyimi irəli sürərsə, seçkilərdə iştirak edəcəyəm. Əgər hakim partiya 75 saylı Lənkəran – Masallı seçki dairəsindən mənim deyil, başqa birisinin namizədliyini irəli sürəcəksə, dəstəyimi əsirgəməyəcəyəm. Yəni rəhbərlik nə qərar qəbul edəcəksə, elə də olacaq. Başqa cür ola da bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top