“Ermənilər kababxana açdı, biz isə Mədəniyyət Mərkəzi” — Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov

MÜSAHİBƏ 16 dek 2019, 17:59

“Arsen Avakov dedi ki, yalnız 10 ildən sonra sizə Xalq rəssamı adı verilə bilər” 

 

1962-ci ildə Naxçıvanın Siyaqut kəndində doğulan, gənc yaşlarında ölkəni tərk edən və hazırda yaratdıqları möcüzələrlə Ukraynada və Avropada tanınan məşhur heykəltaraş - Seyfəddin Qurbanov.

 

“Azpolitika.info” azərbaycanlı heykəltəraş, memar, Ukraynanın xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq Kafedrasının müdiri, professor Seyfəddin Qurbanovdan müsahibə götürüb. Bu görkəmli həmvətənimizi cəmiyyətimizə daha yaxından tanıtmaq üçün həmin müsahibəni təqdim edirik:

 

- Seyfəddin müəllim, siz Ukrayna mədəni və elmi mühitində yaxşı tanınsanız da, Azərbaycanda o qədər də tanınmırsınız. Ukraynaya gəlişinizin və tanınmış heykəltaraşa çevrilmənizin, uğurunuzun tarixçəsi necədir?

- Mən, 1985-ci ildə Xarkova gəlmişəm. O dövrdə Xarkov İncəsənət İnstitutunda təhsil almışam. İnstitutu bitirdikdən sonra bir sıra təkliflər oldu. İnstitutu qırmızı diplomla bitirdiyim üçün elə təhsil aldığım elm ocağında qalıb işləmək təklif edildi. Mən də bu təklifi qəbul etdim. Bundan sonra yaradıcılıq fəaliyyətimə başladım. Bildirim ki, ilk öncə elə də asan deyildi, əksinə, hər şey çox çətin idi. Azərbaycanın ucqar bir yaşayış məntəqəsindən, Naxçıvanın Siyaqut kəndindən Ukraynaya gəlib burada oxumaq və yaradıcılıq fəaliyyəti ilə məşğul olmağın öz çətinlikləri vardı. Amma tədricən işlədim, yaradıcılıq fəaliyyətimi genişləndirdim. İndi gördüyünüz bu binanı özüm düşünüb, dizaynını verib hazırlamışam. Əslində, sizə deyim ki, mənim bu gördüyünüz binanı qalereya kimi açmaq niyyətim vardı. Sonra bizim hörmətli səfirimiz Azər Xudiyevlə tanış oldum, o təklif etdi ki, buranı Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzinə çevirək. Mən dərhal cənab səfirin təklifi ilə razılaşdım.

 

 

- Niyə məhz bura Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzinin binası kimi seçilib?

- Əslində, bayrağımızın dalğalandığı məkandan o yana baxsanız görərsiniz ki, bu binadan 20-30 metr kənarda Ermənistanın Mədəniyyət Mərkəzi açılıb. Amma ermənilər Mədəniyyət Mərkəzinin qarşısında da kababxana açıblar. Sağ tərəfdə isə onların mehmanxanası var. Mən də düşünürdüm ki, buranı elə edək ki, çox gözəl olsun. Bu gün biz binanın Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzi kimi açılışını həyata keçirdik. Əslində, mənim məqsədim də bu idi. Gördüyünüz kimi, hər kəs də bundan razı qaldı. Bura Ukraynada açılan hələlik yeganə mərkəzimizdir. Gələcəkdə burada gözəl heykəl bağı olacaq. İnsanlar gəlib burada fotolar çəkdirəcək, Azərbaycan haqqında məlumatlar əldə edəcəklər. Biz də imkanımız olduqca tədbirlər təşkil edəcəyik.

- Siz həm də Mədəniyyət Mərkəzinin sədri kimi fəaliyyət göstərəcəksiniz?

- Bəli. Baxaq, görək işlərimiz necə gedəcək. Açığı, gələcəklə bağlı ciddi niyyət və planlarımız var. Amma zamanı qabaqlamağımız doğru olmazdı. Hər halda çalışacağıq ki, hər şey yüksək səviyyədə olsun. Bura həm də mədəniyyət səfirliyi olacaq. 

- Sizin əl işləriniz, yaratdığınız heykəllər Ukraynanın ən gözəl parklarını, mərkəzlərini bəzəyir. Yaradıcılığınız haqqında məlumat verə bilərsinizmi? 

- Xarkov şəhərində qoyulan heykəllərin 80 faizi mənim əl işlərimdir. Bu səbəbdən də mənə Xarkovun fəxri vətəndaşı statusunu veriblər. Eyni zamanda, Ukraynanın xalq rəssamıyam. Kiyevdə bir müddət əvvəl açılan Müslüm Maqomayevin heykəli mənim kompazisiyamdır. Bir neçə ay əvvəl Kiyevdə açılan Nəsimi heykəlinin müəllifi də mənəm. Eləcə də Səməd Vurğunun heykəlini mən hazırlamışam. İrpen şəhərindəki “Zərifə Əliyeva” kompazisiyası da mənim əl işimdir. Sloveniyada Mehdi Hüseynzadənin 10 tonluq heykəli də mənim yaradıcılığımın məhsuludur. Eləcə də Ukraynada çoxlu sayda əl işlərimə rast gələ bilərsiniz. 

 

 

- Avropa ölkələrində də əl işləriniz çoxdurmu? 

- Berlin şəhərindəki Əsəd Bəy (Asad Bay) büstü mənim yaradıcılığımın məhsuludur. Əslində orada almanlar film çəkirdilər. Mən də gedib onun yaşadığı binanın qarşısında büstünü hazırladım. Mənim əsərlərim çoxdur...

- Bilirik ki, siz dünya üzrə məşhur elm adamlarına təqdim edilən mükafat kompazisiyalarını hazırlayırsınız... 

- Sizə deyim. Məsələn, Oksford Universiteti üçün dünya elm xadimlərinə verilən mükafatları mən hazırlayıram. Demək olar son 15-20 ildir ki, Oksford üçün bu işləri mən görürəm.

- Bəs elmi fəaliyyətiniz hansı mərhələdədir?

- Mən Xarkov Dövlət Dizayn və incəsənət Akademiyasının Heykəltaraşlıq Kafedrasının müdiriyəm, aliməm. Dərs deyirəm, tələbələrim var. Deyə bilərəm ki, akademiyada magistraturada təhsil alan tələbələrlə əsasən mən məşğul oluram. Başqa sözlə, mənə akademiyamızın ən savadlı tələbələri ilə işləməyi etibar ediblər...

- Xarkovda kifayət qədər erməni yaşayır, burada erməni lobbisi güclüdür. Buradakı ermənilərlə münasibətiniz varmı, əgər varsa bunu necə tənzimləyirsiniz?

- Bilirsinizmi, əslində mənim o qədər də vaxtım yoxdur ki, insanlarla oturub-durum, görüşüm, söhbət edim. Əsasən öz millətimizin görkəmli və ya sadə adamları ilə ünsiyyətdə oluram. Ermənilərlə heç bir dostluğum yoxdur və ola da bilməz. Həm də ermənilər heç istəməzlər ki, burada mənim kimi adam olsun.

Sizə maraqlı bir əhvalat danışım. Mənə Ukraynanın xalq rəssamı adı verəndə Xarkovun qubernatoru Arsen Avakov idi. O, hazırda Ukraynanın daxili işlər naziridir. Avakov burada qubernator olduğu üçün mənim sənədimə imza atmalı idi. Amma getdim yanına, imza atmadı. Halbuki, nə qədər işlər gördüyümü yaxşı bilirdi, qubernator kimi şəhərdə qoyulan heykəllərin açılış mərsimində şəxsən özü iştirak edirdi. Açıq dedi ki, “yox, yalnız on ildən sonra”. Yəni əməkdar rəssam adı almağımdan 10 il zaman keçdikdən sonra xalq rəssamı ola bilərəm. Beləcə, sənədimə imza atmadı. Təsəvvür edin ki, Puşkin adına teatrda çalışan ermənini saldı mənim yerimə. Amma sonra elə alındı ki, prezident Yuşşenko sənədlərə baxdı və mənə xalq rəssamı adı verdi. Halbuki, Avakov bunu istəmirdi. Bu mənada ermənilər istəməz ki, biz irəli gedək. Onlara bizim irəli getməyimiz sərfəli deyil. Bu gün Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı onlar üçün ölümdür. Çünki onlar bu işi bizim kimi yüksək səviyyədə yerinə yetirə bilmədilər. Onlar kababxana açdı, biz isə Mədəniyyət Mərkəzi...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top