“SHANGHAI Ace Investment & Development Co” şirkətinin prezidenti Bakı Limanına səfər etdi — FOTOLAR

İQTİSADİYYAT 13 dek 2019, 18:36

 

 

Çinin aparıcı nəqliyyat və investisiya “SHANGHAI Ace Investment & Development Co” şirkətinin prezidenti Sun Vanqpinq Bakı Limanına səfər edib. 

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Demokrat.az-a verilən məlumata görə, şirkətin prezidenti Sun Vanqpinq və onu müşayiət  edən nümayəndə heyəti 12 dekabr tarixində Ələt qəsəbəsində yerləşən Bakı Limanına səfər ediblər. Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edibdir ki, Çinin aparıcı şirkətlərinin Bakı Limanına marağı ildən ilə artmaqdadır. Qeyd olunan ölkənin şirkətləri limanı yalnız tranzit məntəqəsi kimi deyil, eyni zamanda regional distribusiya mərkəzi kimi nəzərdən keçirirlər. Ümumilikdə Çinlə ticarət əlaqələri artan xətlə inkişaf edir və son 10 ayda ölkədən daxil olan konteynerlərin sayı 2.4 dəfə artmışdır. 


Eyni zamanda, Bakı Limanı Avropa ilə Çini də birləşdirmək niyyətindədir. Bu məqsədlə noyabr ayınının 25-də Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Middle Corridor - Orta Dəhliz) vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalanıb. 


Cənab Vanqpinq Bakı haqqında hər zaman müsbət rəylər eşitdiyini və bugünki səfərindən çox mənmun olduğunu bildirərək, ilkin təəsüratlarının çox güzəl olduğunu vurğulayıb. O, hava limanından şəhərin mərkəzinə və həmçinin mərkəzdən Ələt qəsəbəsində yerləşən limana gedən yolların çox keyfiyyətli olduğunu diqqətə çatdıraraq bildirib ki: ”Buradakı yollar bu regionda gördüyüm ən mükəmməl yollardan biridir”. Bununla yanaşı, cənab Vanqpinq azərbaycanlıların qonaqpərvərliyindən çox razı qaldığını və hava limanı əməkdaşlarının “ASAN VIZA” rəsmiləşdirilməsində operativ olaraq kömək etdikləri üçün çox məmnun qaldığını bildirib. 


Çinli qonaq qeyd edib ki, “Bakı Limanı məndə çox xoş təəssürat yaradıb. Burada tətbiq olunan müasir texnologiyalar nəticəsində əməliyyatların əksəriyyəti avtomatlaşdırılıb. Bu da öz növbəsində əməliyyatları sürətləndirir və aşırılan yüklərin həcminin artırmasına öz töhfəsini verir. Əlavə olaraq, Bakı Limanının qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və həm Avropadan Çinə, həm də Çindən Avropaya yüklərin daşınmasında aktiv fəaliyyət göstərir.”


“SHANGHAI Ace Investment & Development Co” şirkətinin prezidenti qeyd edib ki, gələn il Çindən Bakı Limanına gələn konteynerlərin sayı arta bilər: “Bu il ərzində Bakı Limanında təxminən 30,000 konteyner aşırılıb. Gələcəkdə bu rəqəmin artmasına və limanın bu regionda paylama mərkəzi kimi fəaliyyət göstərəcəyinə inanıram. Bundan öncə məhsullar Çindən Avropaya 45 günə çatırdısa, hal-hazırda “Orta Dəhliz”, o cümlədən Bakı Limanı vasitəsi ilə məhsulların çatdırılma vaxtı 18 günə qədər qısaldılıb. Əminəm ki, qeyd olunan posses yaxın gələcəkdə daha qısa bir vaxt kəsiyində həyata keçiriləcək və bu da öz növbəsində  liman xidmətlərindən istifadə edən yük sahibləri üçün çox əlverişli olacaq.”  


Qeyd edək ki, 2019-cu ilin 3 dekabr tarixində Çin Xalq Respublikasına səfər çərçivəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov paytaxt Pekində “SHANGHAI Ace Investment & Development Co”-nun rəhbərliyi ilə görüşüb və şirkət rəhbərliyinin Bakı Limanına səfər etməsində dair razılıq əldə olunub.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top