“Üç aydan sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək”

İQTİSADİYYAT 04 dek 2019, 11:32

Üç aydan sonra  bankda olan əmanətlərin tam sığortalanması sistemi ləğv ediləcək.

 

Bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məlumat yayıb. O xatırladıb ki, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur: “Ötən il bu sistemin müddəti 1 il də uzadıldı, yəni 2020-ci ilin 4 martınadək. Bu sistemə əsasən fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 10%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 2,5%-dən çox olmasın.

 

Bəs, 4 mart 2020-ci il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?

 

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2020-ci il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.

 

Tutaq ki, vətəndaş 2019-cu ilin 1 avqust tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 10%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə, əmanət tam sığortalıdır. Yəni, bank 4 mart 2020-ci il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2020-ci ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək.

 

Qanunun müddəti yenə uzadılacaqmı? Ehtimal aşağıdır. Çünki parlament buraxılmaq üzrədir. Milli Məclisin yeni tərkibi yəqin ki, 4 martdan sonra ilk iclasına toplaşacaq.

 

Bəs, bu vəziyyətdə əmanətçilər nə edə bilər?

 

Bankda yalnız 30000 manat həddində əmanət saxlaya bilərlər. Yəni artıq məbləği çıxara bilərlər. Bu məntiqlə əmanətlərinin məbləğini bölüşdürə də bilərlər. Yəni elə edə bilərlər ki, bir nəfərin adına bir bankda 30000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölə (hər bankda maksimum 30000 manat), ya da bir bankda qohumları arasında bölə (hər qohumun adına maksimum 30000 manat) bilərlər.


Əmanətlərini (məbləğindən asılı olmayaraq) daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklarda saxlaya bilərlər. Amma həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır”. (qafqazinfo)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top