Qarabağla bağlı məsələ Ukrayna Ali Radasında müzakirə edildi — FOTOLAR

SİYASƏT 27 noy 2019, 18:34

Noyabrın 27-də Ukraynanın Ali Radasında GUAM Parlament Assambleyasının 12-ci sessiyası keçirilib.


Demokrat.az xəbər verir ki, sessiyanın rəsmi açılış mərasimində çıxış edən Ukrayna Ali Radasının sədri Dmitri Razumkov bildirib ki, Ukrayna GUAM-a üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır. 


“Əminəm ki, GUAM bütövlükdə inkişaf edəcək və biz bunun üçün hər cür səy göstərməyə hazırıq. Qurumu daha konstruktiv və səmərəli şəkildə inkişaf etdirməyə hazır olduğumuzu söyləyirik”, - deyə D.Razumkov əlavə edib.


Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar qeyd edib ki, beynəlxalq təşkilatlarda GUAM-a üzv olan ölkələrin vahid mövqedən çıxış etməsi çox vacibdir. GUAM+ formatında işlər daha da intensivləşdirilməlidir.


Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli isə çıxışında GUAM ölkələri arasında əməkdaşlığın inkişafının vacibliyinə toxunub və əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldib. 


O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bu günə kimi icra edilmir. Beynəlxalq aləm münaqişənin həllinə dair status-kvonun dəyişdirilməsinə nail olmaq üçün Ermənistan hakimiyyətinə təzyiqləri artırmalıdır. 


Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Yalnız Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və status-kvonun dəyişdirilməsi fonunda münaqişənin həllində hansısa ümidlər yaranar.


GUAM-ın Baş katibi Altay Əfəndiyev, Baltiya Assambleyasının prezidenti Yanis Vutsans çıxış etdikdən sonra iki qurum arasında 2020-2023-cü illərdə əməkdaşlığın perspektivlərinə dair saziş imzalanıb.


Daha sonra sessiya mövzular üzrə çıxışlarla davam edib. Azərbaycanın GUAM-dakı daimi nümayəndəsi, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, Milli Məclisin deputatı Əli Məsimli Azərbaycanın qurumdakı fəaliyyəti, enerji, nəqliyyat sahələrində həyata keçirdiyi layihələr barədə çıxış ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top