"Ermənistan rəhbərliyi faşizm ideyalarının təbliğatçılarını qəhrəmana çevirir" — Politoloq

SİYASƏT 26 noy 2019, 23:15

İkinci Dünya müharibəsindən sonra dünyada nasist və faşizm düşüncələrinin qadağan edilməsinə baxmayaraq, Ermənistanda, eləcə də bir sıra Avropa ölkələrində bu, tədricən bir dövlət ideologiyasına çevrilməkdədir.

 

Bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

 

Politoloq bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri zamanı Moskvada naməlum əsgərin məzarını ziyarət etməsi isə Azərbaycanın öz keçmişinə, İkinci Dünya müharibəsində həlak olanlara hörmətinin göstəricisidir:

 

"Birinci vitse-prezident bir daha göstərdi ki, azərbaycanlılar öz keçmiş və yaxın tarixinə böyük hörmətlə yanaşırlar və Böyük Vətən müharibəsində çoxsaylı itkilər verən bir xalqın nümayəndəsi olaraq bu hadisələri daim diqqət mərkəzində saxlayırlar. Ermənistan rəhbərliyi isə faşizmi bir istiqamət seçərək, bu gün də həmin ideyaları davam etdirir və dünyada faşizm ideyalarının təbliğatçısı olan şəxslərin milli qəhrəmana çevrilməsində əlindən gələni edir. Həmin bu naməlum əsgərləri millətindən, etnik mənsubiyyətindən asılı olmayaraq güllələyən Qaregin Njde kimi faşistlərə heykəllər qoyurlar. Məhz bu da Azərbaycan və Ermənistan rəhbərliklərinin fərqidir".

 

A.Nağıyev Birinci vitse-prezident Mehriban Əliyevanın təşkil etdiyi görüşlərdə Böyük Vətən müharibəsinin veteranlarına xüsusi qayğı göstərildiyini də qeyd edib:

 

“Böyük Vətən müharibəsi iştirakçılarına hörmətlə yanaşaraq, onların qayğıları ilə maraqlanmaq da Azərbaycan rəhbərliyinin, o cümlədən Mehriban xanım Əliyevanın humanist prinsiplərindən biridir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top