Azərbaycan-Rusiya münasibətlərinin perspektivi böyükdür — FOTOLAR

SİYASƏT 26 noy 2019, 19:44

Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya səfəri münasibətlərin daha da inkişafına təkan verir.


 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Birinci vitse-prezident Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və iki ölkənin münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif edilib. Bundan başqa, Mehriban Əliyeva Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Səfər zamanı Mehriban Əliyeva X Azərbaycan-Rusiya regionlararası forumda, həmçinin restavrasiya olunmuş "Azərbaycan” pavilyonunun açılışında iştirak edib. Səfərin yekunları barədə Birinci vitse-prezident TASS, "Rossiyskaya qazeta” və "Rossiya 24” telekanalları üçün TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib. Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri noyabrın 25-də başa çatıb. 

Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfərini, orada keçirdiyi görüşlərin əhəmiyyətini "Kaspi” qəzetinə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Azərbaycan ilə Rusiyanın regionları arasında münasibətlər daim inkişaf edir, mütəmadi olaraq iki ölkənin iş adamlarının iştirakı ilə regionlararası biznes forumlar və digər tədbirlər keçirilir. Onun fikrincə, bu tədbirlər iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərir. Deputat qeyd edib ki, Azərbaycanla Rusiya arasında həmişə yaxşı münasibətlər mövcud olub, iki ölkə bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərini daim dəstəkləyir. 

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da üzvü olan A.Hüseynov deyib ki, Birinci vitse-prezidentin Rusiyaya səfəri, orada keçirdiyi görüşlər iki ölkə arasındakı münasibətlərin daha da inkişafına səbəb olacaq: "Azərbaycan və Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə çox sıx əməkdaşlıq var. Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşündə bu məsələni xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. 


Millət vəkili vurğulayıb ki, iki ölkə arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, ticarət-iqtisadi, hərbi-müdafiə, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişaf etməkdədir: "Bu tədbirlər çərçivəsində Rusiya və Azərbaycanın regionlarından olan iş adamları bir-biriləri ilə tanış olur, əməkdaşlıq münasibətləri qurulur ki, bu da öz növbəsində iki ölkə arasında həm investisiya qoyuluşunun, həm də ticarət dövriyyəsinin artmasına səbəb olur. Təkcə bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 23 faizdən çox artıb. Eyni zamanda, Rusiyanın Azərbaycana qoyduğu investisiya 4.7 milyard dolları, Azərbaycanın Rusiya qoyduğu investisiya isə 1.2 milyard dolları ötüb. Bundan əlavə, Azərbaycanda çoxlu sayda Rusiya şirkətləri fəaliyyət göstərir. Rusiyada da çoxlu sayda azərbaycanlı iş adamları fəaliyyət göstərir. Hesab edirəm ki, iki ölkə arasında münasibətlər bundan sonra inkişaf edəcək. Çünki Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri daha böyükdür”.

Milli Məclisin deputatı Pərvin Kərimzadə isə qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən əsas faktorlardan biri qonşu dövlətlərlə siyasi-iqtisadi və humanitar əlaqələrin genişləndirilməsidir. Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verən Azərbaycanın Rusiya ilə hərtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edir. Millət vəkili qeyd edib ki, iki dövlətin başçıları arasında dostluq əlaqələri ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlığın dinamik inkişafına müsbət töhfə verir: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də yüksəliş mərhələsində olan Azərbaycan-Rusiya münasibətləri arasında ikitərəfli əlaqələrin səmərəli və dinamik inkişafına xidmət edib. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyevlə keçirilən görüşlər, ikitərəfli əlaqələrin perspektivlərinin müzakirəsi, X Rusiya – Azərbaycan regionlararası forumu iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət daşıyıb. Rusiya Federasiyasının ali mükafatının -"Dostluq” ordenin Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmdə təbliğində əvəzsiz rol oynayan Mehriban xanım Əliyevaya təqdim edilməsi də hər iki ölkə arasında mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulan münasibətlərin yeni inkişaf mərhələsində olduğunun təsdiqidir”.

P.Kərimzadə deyib ki, Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumu beynəlxalq arenada bir-birini dəstəkləyən iki ölkənin əməkdaşlığı daha da genişləndirməsi baxımından olduqca əhəmiyyətlidir: "Mehriban xanım Əliyevanın Forumda çıxışı zamanı qeyd etdiyi kimi, "Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək”. Mehriban xanımın bu fikirləri, forumun əhəmiyyətini açıq şəkildə ifadə edir. Hesab edirəm ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri, səfər çərçivəsində keçirilən görüşlər, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradan X Rusiya-Azərbaycan Regionlararası Forumu hər iki ölkə arasında dialoqun genişlənməsinə, dostluğun, strateji tərəfdaşlığın möhkəmlənməsinə yeni təkan olub”. (kaspi.az)


 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top