Daha iki şadlıq sarayında manqalların fəaliyyəti dayandırıldı

HADİSƏ 23 noy 2019, 19:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ictimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçiriblər.

 

Demokrat.az xəbər verir ki, KİV nümayəndələrinin iştirakı ilə keçirilən monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyən edilib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, şadlıq saraylarının manqallarının fəaliyyətinin dayandırılması aparılan monitorinqlərin nəticəsində havaya normadan artıq atılan tullantılara görədir:

 

"Kimin monitorinqlərin nəticəsi ilə bağlı iradı varsa, nazirliyə, məhkəməyə müraciət edə bilər. Bu, onların qanuni haqqıdır. Biz iradları  dinləməyə və təkrar monitorinqlər aparmağa hazırıq. Kimsə hesab edirsə ki, onların qurğuları iy, tüstü buraxmır, toy məclisləri zamanı manqallarında kabab bişirilən vaxt özləri də kənarda dayanıb bu mənzərəni seyr etsinlər. Təbii ki, bu zaman hər kəs havaya atılan tüstünün, qoxunun şahidi olacaq. Əgər tüstü, çirklənmə yoxdursa, kiminsə manqalını niyə bağlamalıyıq? Məqsədimiz kiminsə manqalının fəaliyyətini dayandırmaq yox, havaya atılan tullantıların qarşısını almaqdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top