"Məhsul” stadionunda keçirilən mitinqlərlə bağlı Prezidentə müraciət olundu: "Uşaqlarımızın tərbiyəsinə çox pis təsir edir"

HADİSƏ 12 sen 2019, 17:01

Bakı şəhəri, Yasamal rayonu ərazisində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında A.Şərifzadə küçəsi 160A saylı binanın bir qrup sakini "Məhsul” stadionunda şənbə və bazar günlərində keçirilən mitinqlərlə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. 


Demokrat.az xəbər verir ki, müraciət edən bina sakinləri "Məhsul” stadionunda şənbə və bazar günlərində keçirilən mitinqlərdən narahat olduqlarını qeyd ediblər. 


Prezident İlham Əliyevin rəsmi internet səhifəsinə elektron qaydada edilən həmin müraciəti olduğu kimi təqdim edirik:


"Ədalət Abıyev və başqalarından, Bakı, Azərbaycan


Hörmətli cənab Prezident,


Biz Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında A.Şərifzadə küçəsi 160A saylı binada yaşayırıq. Sizə müraciət edərək bildiririk ki, binamızın yanında yerləşən "Məhsul” stadionunda şənbə və bazar günlərində keçirilən mitinqlər bizi həddən artıq narahat edir. Mitinq olan günlərdə həmin əraziyə avtomaşınların giriş-çıxışına məhdudiyyətlər qoyulduğundan, orada toplaşan insanların səs-küyündən, qışqırtılarından, nalayiq sözlərindən, söyüşlərindən istirahətimiz pozulur. Sözsüz ki, bu vəziyyət uşaqlarımızın da tərbiyəsinə çox pis təsir edir.


Hörmətli cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirik ki, “Məhsul” stadionunda keçirilən mitinqlərin qarşısının alınması və yaxud başqa yerdə keçirilməsi üçün bizə kömək göstərəsiniz. Siz bizim ümid yerimizsiniz.


Hörmətlə,


Abıyev Ədalət Kərimxan oğlu,


İsgəndərov Vidadi Əsgər oğlu,


Rəsulov İlqar Sabir oğlu,


Şahverənov Nizami Misir oğlu,


Bayramov Eldar Sadəddin oğlu,


Qurbanov Rasim Fərman oğlu və başqaları.


Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu".

 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top