Deputatın oğlu məhkəməyə verildi

HADİSƏ 06 sen 2019, 13:52

Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib.


Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

 

E.Ağamalı sayta açıqlamasında qeyd edib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".

 

Qeyd edək ki, sözügedən kredit manatla alınıb, amma şirkət xariclə, o cümlədən avrozona ölkələri ilə əməliyyatlar apardığına görə, devalvasiya nəticəsində çətinliklərlə üzləşib.

 

Bu məsələni, ümumiyyətlə şirkətin üzləşdiyi çətinlikləri həll etmək üçün E.Ağamalı 2019-cu ilin yanvar ayından etibarən şirkətdə direktor vəzifəsini öz üzərinə görürüb: "Ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamlaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görmüşük, problemlərin böyük əksəriyyətini həll etmişik".

 

Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: ""PAŞA bank"ın məhkəmə müraciətindən sonra da, əvvəl də banka olan borcların bir qismi ödənilib. Və son qalan borcla bağlı da məbləğin dəqiqləşdirilməsi üçün ekspertizaya müraciət olunub və ekspertizanın nəticələri gəldikdən sonra borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də ödəniləcək və banka olan borc da bitəcək".

 

O qeyd edib ki, bankın məhkəmə iddiası şəxsən ona qarşı deyil, əslində şirkətə qarşı qaldırılıb. Sadəcə yanvardan direktor vəzifəsini yerinə yetirdiyinə görə, iddia ərizəsində E.Ağamalının da adı keçib: "Xeyli də işlər görülüb, şirkət də artıq zərərlə işləməkdən qurtarıb, mənfəətə çıxıb və ekspertizanın nəticələri məlum olan kimi kredit də bağlanacaq". (FED.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top