Rövnəq Abdullayev: " "Qarabağ"ın uğurlu çıxış edəcəyinə inanırıq "

İDMAN 30 avq 2019, 21:12

"Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə “Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm".

 

Demokrat.az saytının məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev deyib.

 

O, AFFA-nın rəsmi saytına açıqlamasında “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib. O, eyni zamanda Azərbaycan çempionuna qrupda uğurlar arzulayıb: “Ardıcıl 6-cı dəfədi ki – bunlardan biri UEFA Çempionlar Liqası olmaqla – avrokuboklarda qrupa vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələn “Qarabağ” azarkeşlərinə, ölkəmizin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşadır. İllər öncə “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra “Qəbələ”ın eyni nəticəyə iki dəfə imza atması və təbii ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridi. Klublarımızın dəfələrlə Avropa Liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb. Üstəlik, bu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq. Artıq qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. “Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında 6 deyil, daha çox oyun keçirməsini arzulayıram”.

 

Qeyd edək ki, "Qarabağ" A qrupunda “Sevilya”, APOEL və “Düdelanj”la qarşılaşacaq. (Matc.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top