“Holsim-Azərbaycan” səhmdarlar qarşısında GERİ ÇƏKİLİR

İQTİSADİYYAT 29 avq 2019, 17:45

Xeyli vaxtdır ki, ölkənin ən iri sement istehsalçılarından olan “Holcim-Azərbaycan” ASC ilə bir qrup fiziki şəxs olan səhmdar arasında problem yaşanır. Uzun müddət səhmdarlara dividend verməyən şirkətin onların əllərindəki səhmləri almaq qərarına gəldiyi barədə məlumat yayılıb.

Belə ki, “Marja”-nın bildirdiyinə görə, səhmlərə dividend ödənilməsini və sonra səhmlərin yüksək qiymətə alınmasını tələb edən bir qrup səhmdar qələbəyə yaxın olduqlarını bəyan ediblər. Onu da qeyd edək ki, həmin fiziki şəxslərin bir qisminin keçmiş “Qaradağ – Sement” ASC-nin işçiləri olduğu bildirilir.

Səhmdarlar adından danışıqlar aparan 5 fəal səhmdar, ““Holcim-Azərbaycan” ASC-nin fiziki şəxslərdən səhmləri almağa hazır olduğunu və bu məqsədlə vəsait ayırdığı” məlumatını əldə etdiklərini açıqlayıblar.

Related image

Aktiv səhmdarlar iddia edirlər ki, “Holcim-Azərbaycan” səhmləri ucuz qiymətə almağa çalışacaqdır. Bu məqsədlə şirkətin hər bir fiziki şəxs səhmdarla fərdi danışacağı gözlənilir:
 

“Gəlin aldanmayaq. Sizə müraciət ediləndə bizə yönləndirin. Zavodla danışığa getməyin, bir kəlmə deyin ki, 5 nəfər fəal səhmdar bizim hüquqlarımızı müdafiə edir, onlarla danışın. Biz səhmlərin hamısının bir yüksək qiymətə alınması üçün çalışırıq”, – 5 fəal səhmdardan biri bildirib.
Onun sözlərinə görə, “Holcim-Azərbaycan” səhmdarların birliyini pozaraq səhmləri uzuz qiymətə almağa çalışacaqdır.

İLKİN “BAZARLIQ” QİYMƏTİ – 200 MİN MANAT

Aktiv səhmdarlar 186 səhmdən ibarət paketə görə, ötən illərin dividendi və səhmin qiyməti daxil 100 min manatdan artıq məbləğ tələb edirlər: “Biz 5 fəal səhmdar 100 min manatdan aşağı qiymətə razılaşmayacağıq. Danışıqlara 200 min manatdan başlamışıq. Danışıqlar aparıb normal qiymət təyin olunması üçün ilkin bazarlıq təklifini 200 min manat müəyyən etmişik. Bizə etibar edirsinizsə bizsiz səhmləri satmayın”.

marjaaz1567056174holcim-zavod-qara

Məlumat üçün bildirək ki, keçmiş “Qaradağ – Sement” ASC-nin hüquqi varisi olan “Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalı hər birinin nominal dəyəri 20 manat olan 1 milyon 590 min 644 ədəd səhmdən ibarətdir. Yəni “Holcim-Azərbaycan” 31 milyon 812 min 880 manat nizamnamə kapitalına malikdir.

Özəlləşdirmə zamanı “Qaradağ – Sement” ASC-nin işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər.
Bu gün Bakı Fond Birjasında “Holcim-Azərbaycan” ASC-nin 1 səhmi 20 manata alınıb, 21 manata satılır. Qısası, 186 səhmdən ibarət olan 1 Depo Hesabından çıxarışın bazar qiyməti 3 min 720 manatdır.

20 ildir özəlləşdirilmiiş “Qaradağ – Sement” ASC cəmi 2 dəfə səhmdarlarına dividend ödəyib. Hər il müxtəlif səbəblər – zavodun borcu olduğu və mənfəətin borcun ödənilməsinə yönəldiləcəyi və ya zavodun ziyanda olduğu əsas göstərilərək səhmdarlara dividend ödənilməyib.

“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna (66,2%-i “LafargeHolcim”ə, 24% – i “Holcim Auslandbeteiligungs GmbH” şirkətinə), 9,8%-i yerli səhmdarlara məxsudur. 2018-ci ilin sonuna olan məlumata görə, yerli səhmdarlar “Azerinvest” (2%) və fiziki şəxslərdən (7%) formalaşıb. Nəhəng sement istehsalçısı olan “LafargeHolcim” bir neçə il öncə “Holcim-Azərbaycan”da 70% civarında paya malik idi. Şirkət, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan İnvestisiya Şirkətindən hər birinin 10% paylarını satın alıb və nəticədə payı 90%-i aşıb.
Məlumat üçün bildirək ki, “LafargeHolcim” şirkətinin dünyada sement istehsalı ilə məşğul olan 80 şirkətdə payı var və 31-də 100% paya malikdir. Ehtimal ki, “LafargeHolcim” Azərnbaycandakı sement şirkətində də payını 100%-ə çatdırmaqda maraqlıdır.

“AYRILMIŞ PULDAN QAZANMAQ İSTƏYƏNLƏR VAR”

Səhmdarların hüquqlarını qoruyanlar “Holcim-Azərbaycan” ASC tələblərini yerinə yetirməsə Avropa məhkəməsinədək müraciət etməyi nəzərdə tuturlar.

Səhmdarların hüquqlarını qoruyanlar iddia edirlər ki, “LafargeHolcim” qalan səhmlərin alınması üçün pul ayırıb. Amma zavoddakı “ağıllılar” o pulun az bir hissəsi ilə səhmləri almağa və qalanını ciblərinə qoymağı düşünürlər:

Onlar insanların haqqını yeməyə öyrəşiblər, sizə ayrılmış pullardan qazanmaq istəyirlər. Unutmayın ki, kimə zəng etsə, deyin ki, “fəal səhmdarlar ilə əlaqə saxlayın”. Çünki biz səhmləri bir qiymətə satmaq istəyirik”.

Ehtimal olunur ki, ilk öncə səhmlər müəyyən şəxslərin adına ucuz alına, sonra “LafargeHolcim”ə satıla bilər.

marjaaz1567056185holcim-avtomobil
“Holcim – Azərbaycan” ASC-nin dividend ödəməkdənsə səhmlərin alınmasının daha sərfəli ola biləcəyi qeyd olunur. 

Əgər bazar qiymətilə fiziki şəxslərdəki 7% pay alınarsa bunun üçün təxminən 2,2 milyon manat tələb olunacaqdır. Dünya təcrübəsində, səhmlərin bazar qiymətindən yüksək qiymətlərə alınması təcrübəsi var. Belə olan halda “LafargeHolcim” daha çox xərcləməli olacaqdır.

Xəbər verdiyimiz kimi, 2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan cəmi gəlirləri 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” 2018-ci ili 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub. 

ASC 2017-ci ili 1 milyon 759 min manat xalis mənfəət ilə bağlamışdı. 2018-ci ilin yekunu üzrə də səhmdarlara dividend ödənilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top