FIA prezidenti Şumaxerdən DANIŞDI: "Mənimlə ünsiyyət qurmağa çalışdı"

İDMAN 31 iyl 2019, 20:59

2013-cü ildə ağır kəllə-beyin zədəsi alan Formula 1-in yeddiqat çempionu, əfsanəvi yürüşçü Mixael Şumaxer bərpa prosesində uğurlu addımlar atır.

Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, Şumaxerlər ailəsinin dostu Jan Todt bildirib. Şumaxeri İsveçrədəki evində tez-tez ziyarət edən Todt sonuncu dəfə hətta onunla birlikdə yürüşləri də izləyib.

Heyətində “Qırmızı baron”un çıxış etdiyi “Ferrari” komandasının sabiq idman direktorunun sözlərinə görə, Mixael xəstəliklə mübarizəni davam etdirir və bu mübarizədə uğurlara imza atıb.

“Mən daim belə bəyanatlarla ehtiyatlı olmuşam, lakin bu, həqiqətdir. Mən Mixaellə birgə onun İsveçrədəki evində yürüşləri seyr etdim. O, etibarlı əllərdədir, onun qeydinə yaxşı qalırlar. O, məğlub olmur və mübarizəni davam etdirir”, - deyə “Daily Mail” qəzeti Todtun sözlərindən sitat gətirir.

Todt, həmçinin onu da deyib ki, “Şumaxer var gücü ilə onunla ünsiyyət qurmağa çalışıb, lakin görünür, bu, hər dəfə alınmır”.

“Əlbəttə, bizim dostluğumuz əvvəlki kimi ola bilməz, çünki sadəcə daha belə ünsiyyət yoxdur. Lakin Mixael mübarizəni davam etdirir və ailəsi bu işdə ona yardımçıdır”, - deyə Todt əlavə edib.

2013-cü ildə Fransanın Meribel şəhərində dağ xizəyi sürərkən bədbəxt hadisəyə uğrayan Şumaxer hazırda İsveçrənin Qland şəhərində mənzərəsi Cenevrə gölünə açılan imarətində yaşayır. 50 yaşlı yürüşçü tədricən sağalır. O vaxt yıxılarkən Şumaxerin başı daşa dəyib. Həmin vaxtdan o, ictimaiyyət qarşısına çıxmayıb.

Şumaxerin ailəsi bir çox şayiələr fonunda onun səhhəti ilə bağlı real vəziyyəti əsaslı surətdə gizli saxlayır və idmançının şəxsi həyatına dair hüquqlarını pozmamağı xahiş edir. Hadisə baş verən andan etibarən KİV-lərə yürüşçünün bir dənə olsun belə fotoşəkli düşməyib, pilotun səhhəti ilə bağlı şayiələrin dərci isə məhkəmə tələbləri ilə nəticələnib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top