"Ordumuz Ali Baş Komandanın hər bir əmrini dərhal icra etməyə hazırdır" - Səməd Seyidov

SİYASƏT 26 iyn 2019, 13:36

"Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini dərhal yerinə yetirməyə hazırdır".

 

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfindən hərb variantına əl atılacağı təqdirdə, bunun beynəlxalq güclər tərəfindən necə qarşılanacağı məsələsinə münasibət bildirərkən deyib.

 

“Burada iki əsas məqamı vurğulamaq istəyirəm. Azərbaycan Ordusu bu gün böyük bir qüdrətə, gücə malikdir. Azərbaycan Ordusu özü də hər bir cəhətdən - həm mənəvi, həm də döyüş qabiliyyəti və hazırlığı cəhətdən hərb variantına hazırdır. Çünki həm Lələtəpə və Günnüt əməliyyatlarından, həm də Azərbaycanda gedən proseslərdən, cənab Prezident İlham Əliyevin gördüyü işlərdən sonra Ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi yaranıb və bu, özlüyündə ona dəlalət edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini bir dəqiqə içərisində yerinə yetirməyə hazırdır”, - S.Seyidov bildirib.

 

Onun sözlərinə görə, ikinci tərəfi isə ondan ibarətdir ki, təəssüflər olsun, indi müharibənin başlanmasında, hərb variantına əl atılmasında daha çox Paşinyan hakimiyyəti maraqlıdır, nəinki Azərbaycan:

 

“Ona görə ki, bu gün Ermənistanın daxilində, Ermənistanın Dağlıq Qarabağ separatçıları ilə münasibətində, separatçıların öz aralarında ayrı-seçkilik, dedi-qodu, intriqaların mövcudluğu şəraitində hərbçilər, zabitlər, əsgərlər içərisində gedən proseslər rəsmi Yerevanın vəziyyəti normal şəkildə idarə etdiyinə dəlalət etmir. Məhz bu istiqamətdə, məhz bu şəraitdə cəbhədə hansısa təxribatlar, hansısa bir gərginlik məhz Ermənistan tərəfinə daha çox sərf edən məqam kimi qiymətləndirilməlidir.

 

Bu nöqteyi-nəzərdən bir daha təkrar edirəm ki, Ordumuz çox güclüdür və hər bir problemin həlli iqtidarındadır. Ancaq indiki məqamda təxribatlara yol açan Paşinyan hakimiyyəti məhz bu istiqamətdə siyasətini, fəaliyyətini təşkil edir ki, məsuliyyəti boynundan atsın, hər şeyi Azərbaycan tərəfinin üstünə yıxsın.

 

Bu məqamı nəzərə alaraq, biz öncə dünya ictimaiyyətinə, beynəlxalq aləmə, regionda olan ölkələrə, beynəlxalq aktorlara izah etməliyik, göstərməliyik ki, kimdir təxribatçı, kimdir bu vəziyyətdə maraqlı, kimdir bu problemləri yaradan. Məhz bundan sonra Azərbaycan beynəlxalq qanun çərçivəsində hər bir məsələni həll etmək iqtidarındadır”.(Oxu.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top