"Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilat yaradılacaq" — “ASAN xidmət”in sədri (VİDEO)

MARAQLI 20 iyn 2019, 14:45

24-26 iyun tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək.


Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Bu Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.


Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forumda BMT Baş katibinin müavini cənab Lui Zenmin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak edəcəklər.


Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.


Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev forum barədə daha ətraflı REAL-ın birbaşa efirində danışıb.


"Forum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə Dövlət Xidmətləri göstərən qurumların ASAN beynəlxalq assosiyasiyası təşkil olunacaq. Yəni bütün ölkələrdə ayrı-ayrı qurumlar dövlət xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıblar. Həmin nazirliklərdəki qurumların birgə asosiasiyası yaradılacaq. Bu asosiasiyanın adı da ASAN olacaq. Məqsəd dövlət xidmətləri sahəsində ASAN standartları əsasında təcrübə mübadilələri həyata keçirmək, ekspertlər şurasını yaratmaqla ayrı-ayrı ölkələrdə dövlət xidmətlərini qiymətləndirmək və bu ölkələrin uğurlu həllərinin digər ölkələrdə tətbiqinə nail olmaqdır. Vətəndaşların həyataını rahatlaşdıra biləcək belə missiyanı Azərbaycan tərəfi öz üzərinə götürməklə belə bir beynəlxalq təşəbbüslə çıxış edib. BMT tərəfindən bu dəstəklənib. Forum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə belə bir beynəlxalq təşkilat yaradılacaq. Əvvəlcə 8 ölkənin imzası ilə bu protokol imzalanacaq. Daha sonra digər ölkələrin bu təşkilata qoşulması prosesi baş tutacaq",  - deyə Ülvi Mehdiyev bildirib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top