"İmtahanlardakı nəticələr təhsil sisteminin yox, repititoluğun nəticəsidir" - EKSPERT

SOSİAL 01 iyn 2019, 10:47

Təhsil eksperti Kamran Əsədov builki buraxılış və qəbul imtahanlarının nəticələrini şərh edib.

 

Demokrat.Az həmin materialı təqdim edir:

 

1. Aprelin 7-də keçirilmiş buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 27660 nəfər iştirak etmiş və 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verərək maksimum nəticə - 300 bal toplayıb.
2. Aprelin 14-də keçirilmiş buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 28634 nəfər iştirak etmiş və şagirdlərdən heç kim maksimum bal toplaya bilməyib.  
3. Aprelin 21-də keçirilmiş buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 22499 nəfər imtahanda iştirak etmişdir. Bu imtahanda 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
 4. Aprelin 28-də keçirilən   imtahanda 19486 nəfər iştirak etmiş heç kim maksimum bal toplaya bilməyib. 

Beləliklə, 4  buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) iştirak etmiş 98279 nəfərdən yalnız 4 nəfər onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb. 

Qeyd edim ki,  buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür.

Qəbul imtahanları üzrə:

1.mayın 12-də I və IV ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarında iştirak  etmiş 32174 abituriyentdən bir nəfər ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

2.mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarında  iştirak  etmiş 35423 abituriyentdən heç kim maksimum bal toplaya bilməyib. 

Qeyd edim ki, qəbul imtahanlarında hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür.

Beləliklə I,II,III,IV ixtisas qrupları üzrə qəbul imtahanda iştirak etmiş 67597 nəfərdən yalnız 1 nəfər I ixtisas qrupu üzrə ona təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 400 bal toplayıb. 

Ümumilikdə DİM-in XI sinif bazasından kurikulum proqramı  əsasında  aprel və may ayında keçirdiyi imtahanlarda iştirak edən 165876 nəfərdən 5 nəfər imtahanlardan maksimum bal toplasa da, 2019-cu ildə 700 bal olmadı və bundan sonra da olması mümkün deyil. Yəni təhsil sistemi 2019-cu ildə maksimum nəticə göstərə bilmədi. Baxmayaraq ki, keçən il, 2018-ci ildə 29 nəfər 700 bal toplamışdı. 

Hal hazırda ixtisas qrupları üzrə ən yüksək bal vəziyyəti belədir:
I qrupda maksimum bal 682,9
II qrupda maksimum bal 687.5
III qrupda maksimum bal 684.8
IV qrupda maksimum bal 691.8 

İxtisas qrupları arasında ən çox yüksək bal toplayan abituriyentlər IV ixtisas qrupundadır. IV ixtisas qrupu üzrə 294 nəfər 600 baldan yuxarı nəticə göstərib.

Deməli, neçə illərdir qəbul və buraxılış imtahanlarındakı nəticələr təhsil sisteminin yox, repetitorluğun, hazırlıq kurslarının nəticəsidir. (Qafqazinfo)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top