Polşa Prezidenti: "Azərbaycan münaqişənin həllində dəstəyimizə arxalana bilər"

SİYASƏT 31 may 2019, 21:55

"Biz bu gün əməkdaşlığımızın bütün sahələrini nəzərdən keçirdik və Prezident Lex Kaçinskinin faciəvi ölümündən sonra itirilmiş vaxtı aradan qaldıra bildik. Cənab Prezident, biz daha çox səfərlər, təmaslar mübadilə etdik. Bu gün biz razılaşmalara imza atdıq. Biz artıq əməkdaşlığımızın yeni erasına başlayırıq".

 

Bunu Polşa Prezidenti Andjey Duda mayın 31-də Bakıda sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

 

"Bununla biz əldə etdiyimiz razılaşmalara, kənd təsərrüfatı sahəsindəki əməkdaşlığa artıq böyük ümidlər bəsləyə bilərik. Hesab edirəm ki, bununla da Polşa fermerlərinin ixrac imkanları daha da genişlənəcək. Kənd təsərrüfatı sahəsində avadanlıq, həmçinin kimya sənayesi məhsullarının, gübrələrin ixrac edilməsi imkanları genişlənəcək. Bilirəm ki, Azərbaycanda bu sahədə inkişaf gedir. Əslində, qeyd etməliyəm ki, Azərbaycan bizim mühüm ticari tərəfdaşımızdır. Məlumdur ki, 2010-cu ildən sonra bütün dünyanı maliyyə böhranı bürüdü. Buna baxmayaraq, hazırda biz ticari münasibətlərimizin səviyyəsini yenidən artırırıq.

 

Cənab Prezident, bu, mənim cavab səfərimdir. Hesab edirəm, cənab Prezident, Sizin səfəriniz və mənim səfərim ölkələrimizə iqtisadi münasibətlərin genişləndirilməsi üçün yeni üfüqlər açacaqdır. Biznes forumu təşkil etdiyinizə görə təşəkkürümü bildirirəm, cənab Prezident. Biz bu gün həmin tədbirdə iştirak edəcəyik. Həmin tədbir çərçivəsində azərbaycanlı sahibkarlar polşalı sahibkarlarla görüşəcəklər. Bu da yeni təmasların qurulmasına imkan yaradacaq və nəticədə daha çox müqavilələr imzalanacaq. Bu isə bizim qarşılıqlı iqtisadi mübadilələrimizi artıracaq.

 

Hörmətli cənab Prezident, hesab edirəm ki, biz yeni imkanlar yaradırıq. Hazırda mən səbirsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün. Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq", - deyə dövlət başçısı bildirib.

 

Andjey Duda Azərbaycanın Qarabağ münaqişənin həllində Polşanın dəstəyinə arxalana biləcəyini də qeyd edib: “Bu gün, cənab Prezident, Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük.

 

Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər. Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik.

 

İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin. Beləliklə, bu uzunmüddətli münaqişə öz həllini tapa bilər”.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top