Politoloq: "Azərbaycan Ermənistanın problemlərindən istifadə etməyəcək"

SİYASƏT 22 may 2019, 17:34
Ermənistanda siyasi vəziyyət yenidən gərginləşir. Yaxın günlərdə Robert Koçaryan Yerevan məhkəməsinin qərarı ilə separatçı liderlər Bako Saakyan və onun sələfi Arkadi Qukasyanın zamin durması müqabilində sərbəst buraxılıb. Onlar Ermənistanın ikinci prezidentinin azadlığa çıxacağı təqdirdə “aradan çıxmayacağına” zəmanət verib və əvvəlcədən girov pulunu ödəyiblər.
 
Bu qərar Nikol Paşinyanı hiddətləndirib, o, məhkəməni tənqid atəşinə tutaraq, erməni xalqını inqilabın ikinci mərhələsini başlatmağa çağırıb, məhkəmənin buraxılmasını tələb edib.
 
Hazırda Ermənistanda cərəyan edən proseslər barədə oxu.az-a verdiyi müsahibədə politoloq Tofiq Abbasov danışıb.
 
- Bir neçə gün əvvəl Koçaryan məhkəmə zalından azadlığa buraxılıb. Bəzi ekspertlər onun Paşinyanı devirəcəyini iddia edir. Bu ssenari nə dərəcədə mümkün görünür?
 
- Biz hazırda Ermənistanda siyasi böhran müşahidə edirik. Bu böhran regiona da təsir edir. Ermənistan onsuz da qeyri-sabit bir dövlətdir, ölkədə mütəmadi olaraq mitinqlər keçirilir. Bu daxili siyasi “didişmələr” bütün ölkədə əksini tapacaq. Ölkə gah bir tərəfə, gah o biri tərəfə əyilir, “qızıl orta”nı tuta bilmirlər. Ona görə bu gün orada baş verənlər vəd etdiyi islahatları keçirməyə tərəddüd edən hökumətin davamsızlığından xəbər verir.
 
Paşinyan hökuməti Qarabağ probleminə düzgün yanaşmır, üstəlik, hakimiyyəti itirməkdən qorxur. Ölkəni tam nəzarətə götürmək üçün əlində bütün hakimiyyət rıçaqları olan və ya olmalı olan Baş nazir inqilabçı kütlələrə səslənərək, yeni inqilab mərhələsinin başlanıldığından dəm vurur. Bu, artıq qeyri-inandırıcı, qeyri-ciddi və absurddur.
 
- Paşinyan istefaya göndərilsə, Azərbaycanın öz işğal altında olan torpaqlarının qaytarılması üçün hər hansı addımlar atacağını gözləmək olar?
 
- Azərbaycanın Ermənistanın daxilindəki zəifliklərdən istifadə edəcəyini düşünmürəm. Biz Ermənistanın siyasi siluetləri ilə bağlı istənilən dönüşlərə hazırıq. Ancaq bütün bunlar həyəcan yaradır. Səriştəli qüvvələr var, regionda beynəlxalq əhəmiyyətli layihələr gerçəkləşdirən dövlət var.
 
Ermənistanın daxilindəki sabitliyi pozan bütün proseslər nəzarətdən çıxan proseslərə çevrilə bilər. Ancaq bundan heç kim qazanmayacaq. Azərbaycana Ermənistanda hakimiyyətə adekvat siyasətçilərin gəlməsi sərf edir. Elə siyasətçilər ki, hakimiyyətdə ixtiyar sahibi olsun, ölkənin prioritetlərini konkret şəkildə bəyan etsin. Ermənistanın prioritetləri birinci onillik deyil ki, qeyri-müəyyən vəziyyətdədir.
 
Belə insanlarla münaqişənin nizamlanması məsələlərində dil tapmaq daha asan olar. Azərbaycan hələlik müşahidə mərhələsindədir, bu ölkədə inkişaf edən prosesləri izləyir. Əgər hakimiyyətə münaqişənin gərginləşdirməklə siyasi kapitalını artırmağa çalışan avantüristlər gəlsə, Azərbaycan onların “dişlərini sındıracaq”.
 
- Kreml Ermənistanın daxili siyasətinə o dərəcədə təsir göstərə bilərmi ki, Paşinyan tamamilə “siyasi meyitə” çevrilsin?
 
- Moskva bu məsələdə hələlik təmkinlilik nümayiş etdirir. Kreml bu ölkədə baş verənləri çox gözəl bilir. Rusiya, sadəcə, praqmatik mövqe tutub və bu situasiyaya qarışmır. Kənardan müşahidə aparır və bütün qüvvələrin ən yaxşı keyfiyyətlərini ortaya qoymasına imkan verir.
 
İndiki halda isə ona yönəlmiş hər hansı təhdid yoxdur. Bəli, Ermənistanda anti-rusiya əhval-ruhiyyəsi güclənib, söhbət xüsusilə Paşinyan və onun ətrafında olanlardan gedir. Ancaq onların Gümrüdəki 102 saylı hərbi bazaya hər hansı problem yaratmaq üçün lazımi rıçaqları yoxdur.
 
Demək istədiyim odur ki, onlar çox hay-həşir salsalar da, Moskvanın maraqlarına təhdid yaradacaq heç nə etmirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top