Gəncədə "Atatürkü anma, Gənclər və idman bayramı" qeyd olundu

SOSİAL 19 may 2019, 16:17

Gəncədə 19 May - “Atatürkü anma, Gənclər və idman bayramı” qeyd olunub.

 

Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

 

Tədbir iştirakçıları tərəfindən Türkiyənin Gəncədəki Baş konsulluğunun binası önündən Xan Bağına yürüş təşkil olunub. Parkda günün anlam və önəmini simvolizə edən çinar ağaçı əkilib.

 

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Mərasimdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk hər il 19 May tarixində qeyd olunan “Atatürkü anma, Gənclər və idman bayramı”nın tarixindən danışıb. O qeyd edib ki, 19 May 1919-cu ildə Mustafa Kamal Atatürk "Bandırma" (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. "Antanta" dövlətlərinin işğalına qarşı olan Qurtuluş müharibəsinin başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bu günün əhəmiyyətinə böyük sübutudur”.

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova iştirakçıları şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayıb. O, iki dövlət arasında olan tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb. Bu əlaqələrin günü-günüdən möhkəmləndiyini vurğulayıb. İcra rəsmisi həmçinin qeyd edib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı titulunu daşıyan Gəncə, bu il Avropanın İdman şəhərlərindən biridir.

 

"Bu ilin 5 Mart tarixində yerli və xarici qonaqların iştirakı ilə Heydər Əliyev Park-Kompleksində “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib. İlin sonunadək Gəncə bir çox mötəbər idman tədbirlərinə ev sahibliyi edəcək. Bu gün isə biz qardaş ölkə Türkiyənin tarixində xüsusi önəmə malik 19 May – Atatürkü anma, Gənclər və idman Bayramını qeyd edirik. Türkiyə azadlıq və dövlətçilik tarixinin təkrarolunmaz və əvəzedilməz xadimi – Atatürkü böyük ehtiram və dərin hörmətlə yad edir, qardaş Türkiyə xalqının milli bayramını təbrik edirik”, - deyə o bildirib.

 

Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solisti, əməkdar artist Kəmalə Tağızadə “Qaradəniz” mahnısı səsləndirib. Gəncə Dövlər Dram Teatrı aktyorlarının ifasıdan “Xərabət gözəli”ndən parça - Səmazən rəqsi təqdim olunub. Gəncədə fəaliyyət göstərən uşaq gənclər idman-şahmat məktəbləri yetirmələrinin nümunəvi çıxışları izlənilib. Tədbirdə Gəncə Uşaq Evinin, Musiqi Kollecinin “Buta” Vokal İnstrumental Ansamblının, Gəncə Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azərin” Rəqs Qrupunun çıxışları alqışlarla qarşılanıb. ("Report")

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top