“Gəliri və yayımı olmayan qəzetlər bağlanacaq” — Vüqar Səfərli

MARAQLI 16 may 2019, 20:20

"Təkcə dövlət yardım verməklə qəzet saxlamaq olmaz. Qəzetlərin özlərinin də gəlirləri olmalıdır". 


Demokrat.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.


O bildirib ki, müəyyən gəlirləri, yayımı olmayan qəzetlər avtomatik olaraq bağlanacaq: 


“Dövlət tərəfindən maliyyə ayrılan qəzetlərin sayı əvvəlki kimi qalır və az deyil. Bundan qabaq maliyyə yardımının ayrılması üçün hazırlanan tələblərdə qəzetlərin tirajı yüksək qoyulmuşdu. Lakin sonradan tiraj sayı aşağı salındı. Bir sıra qəzetlərin bağlanması yardımın alınmaması ilə bağlı deyil. Elə qəzetlər var ki, məsələn “Ekspress” qəzetinə maliyyə ayrılsa da, özü bağlanmaq qərarı verdi. Birinci rübdə onlara maliyyə ayrılmışdı. Lakin baxdılar ki, bizim verdiyimiz maliyyədən başqa gəlirləri yoxdur, bağlanmaq qərarı verdilər”. 


V.Səfərli qeyd edib ki, onlayn media barədə qanun olmadığı üçün saytlara hələlik dövlət dəstəyi göstərilmir. “Qanun çərçivəsində kriteriyalar müəyyənləşməlidir ki, bunun əsasında maliyyə ayrılsın”. 


KİVDF rəhbəri, həmçinin ölkədə çap mediasına marağın azalmasına münasibət bildirib. 

 

Diqqətə çatdırıb ki, inkişaf etmiş ölkələrdə qəzetlər təkcə yayımla deyil, reklam hesabına özlərini maliyyələşdirirlər. 


"Elə ölkələr var ki, qəzetləri pulsuz paylayırlar. Qəzet tirajı deyiləndə onun abunəsi nəzərdə tutulur. Tirajın çoxluğu ilə reklam cəlb edə bilirlər. Reklam sayəsində həm qəzetin çap xərcləri çıxır, həm də özlərinə gəlir qalır. Lakin Azərbaycanda reklam bazarı yox səviyyəsindədir. Ona görə də qəzetlər ümidini ancaq abunəyə, satışa və dövlətdən ayrılan vəsaitə bağlayıb. Vəsait qəzetlərdə tiraj tələbini yerinə yetirməyə, işçilərin əmək haqqısını verməyə güclə çatır. Bu isə qəzetlərin rəngli, daha maraqlı dizaynda çapına mane olur” 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top