Bəxtiyar Vahabzadənin diplomat oğlu müxalifətə keçməsi xəbərindən DANIŞDI

MÜSAHİBƏ 08 may 2019, 11:41

İnternet mediasında xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadənin müxalifətə keçdiyi barədə xəbər yayılıb. Qarabağ Komitəsinin üzvlərindən birinə istinadən bildirilib ki, İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinin 8 mayda keçirilməsi nəzərdə tutulan xüsusi iclasına da qatılacaq. 


O da qeyd olunub ki, diplomat Qarabağ Komitəsinin üzvləri qarşısında Qarabağdan, 30 illik diplomatik fəaliyyəti müddətində Qarabağ məsələsi haqqında xatirələrindən danışacaq.


Demokrat.az xəbər verir ki, İsfəndiyar Vahabzadə “Yeni Müsavat”a müsahibəsində bu barədə iddiaları təkzib edib.


- Mən müxalifətə keçməmişəm, keçmək fikrim də yoxdur. Hər iki tərəfim azərbaycanlıdır. Mən azərbaycançıyam. Əgər məni bir yerə qonaq çağırırlarsa, mən harasa gedirəmsə, oraya qeydiyyata düşmürəm ki. Mənim bir sifətim var, heç zaman da dəyişmirəm. Müxalifətin pis cəhəti olanda deyirəm ki, siz səhv yoldasınız, iqtidarda yaxşı cəhət varsa, deyirəm siz yaxşı iş görürsünüz. Mən heç vaxt da heç tərəfə əyilmirəm, meyllənmirəm. Mənim öz fikrim var, bir sifətim var. Bəxtiyar Vahabzadə nə iqtidarçı idi, nə də müxalifətçi. Mən özümü onunla müqayisə eləmirəm, onun oğluyam. Mən də bir alim kimi, pis-yaxşı yazıçı kimi, öz fikirlərimi mətbuata verə bilərəm. Amma məsələ bundan ibarətdir ki, mən müxalifətə keçməmişəm, keçmək fikrim də yoxdur.


- Bəs elə isə bu xəbərin yayılmasına səbəb nə olub? Əvvəlcədən sizin Qarabağ Komitəsi ilə əlaqələriniz var idimi?


- Məni yüz yerə çağırırlar. Mən də yüzündən birinə gedirəm, yaxud getmirəm, etiraz edirəm, ya vaxtım olmur. Sadəcə, heç kimin xətrinə dəymək istəmirəm. Mənə bu təşkilatdan zəng etmişdilər, adı da yadımdan çıxıb. Dedi, xahiş edirik, sabah gəlin “Nərimanov” metro stansiyası tərəfdə tədbirimiz var. Ancaq sonra zəng edib dedim ki, vallah, sabah gələ bilməyəcəyəm, özümün başqa işlərim ortalığa çıxıb, yazı-pozu işləri ilə məşğulam. Bundan sonra baxdım ki, saytlar belə bir şey yazıb. Bir də belə şey olacağı təqdirdə mən məcburam ki, bunları məhkəməyə verim. Bu dəfə məhkəməyə vermirəm. Amma bir də başımın üstündən adlayıb belə bir iş görsələr, məcbur olacağam ki, onları məhkəməyə verim.


- Deməli, siz Qarabağ Komitəsinin tədbirində iştirak etməyəcəksiniz, eləmi?


-Qətiyyən, yox!


- Sizə dedilərmi nə məqsədlə dəvət olunursunuz?


- Sizi inandırıram, iki balamın canı üçün, atamın goruna and içirəm, heç xəbərim yoxdur. Sadəcə, dəvət almışam. Yüz yerə dəvət alırlar. Əgər sabah mən sizi evimə dəvət etsəm, bu, o demək deyil ki, siz gəlib mənim evimə qeydiyyata düşəcəksiniz. 


Sizə vaxtilə dediyim kimi, mənim telefon nömrəmi 11-12 nəfər bilir. Bunlar mənim nömrəmi haradan götürmüşdülər, bilmirəm. Hətta tanış nömrə olmayanda telefonu açmıram. Ancaq bu dəfə telefonu götürdüm, soruşdum kimdir? Dedilər, sizi dəvət edirik. Dedim, gələ bilməyəcəyəm, inciməyin, özümü yaxşı hiss eləmirəm. Elə belə də qurtardı.    


- İsfəndiyar bəy, yeri gəlmişkən, ötən müddətdə sizə diplomatik sahədə iş təklifi gəlibmi?


 - Vallah, heç bilmirəm. Mən uzun müddət idi ki, burada deyildim. 6 ay qızımın yanında, Almaniyada oldum. Sonra gəldim, Türkiyəyə getdim, bir aya qədər də orda oldum. Xahiş edirəm, bunu qeyd edin, mənim bir sifətim var, atam kimi. Mən atamın oğluyam. Nə müxalifətəm, nə iqtidar. Bu yayılanlar hamısı mənasız söhbətlərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top