"Mətbuat xidmətində ciddi islahatlar aparılmalıdır" — Tanınmış jurnalist Milli Məclisin işini tənqid etdi

MARAQLI 29 apr 2019, 19:19

"Milli Məclisin mətbuat xidmətində ciddi islahatlar aparılmalı, bu şöbənin əməkdaşları dəyişdirilməli, daha ciddi və daha peşəkar mütəxəssislərlə əvəz edilməlidir".


Demokrat.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Əli Əhmədov özünün "facebook" hesabında qeyd edib. 


Ə.Əhmədov daha sonra bildirir ki, Milli Məclisin mətbuat xidmətində çalışanlar bu qurumu dövlət təşkilatı kimi deyil, öz şəxsi obyektləri kimi idarə edirlər:


"Mətbuat xidməti mətbuat orqanlarından informasiyanı – müakirə edilən qanun layihələrini gizlədir, ayrı-ayrı KİV-lər arasında məlumatların verilməsində fərq qoyur və bu hal artıq uzun illərdir ki, davam etdirilir.


Milli Məclisdə müzakirə olunan qanun layihələri qurumun saytında çox gec açıqlanır, bəzən bu sənədlər sayta hətta müzakirələr başa çatdıqdan və qanun qəbul edildikdən sonra yerləşdirilir.


Milli Məclisin ayrı-ayrı komitələrinin icaslarına isə istədikləri KİV-ləri dəət edirlər, nəticədə KİV-lər arasında rəqabət tamamilə pozulur. Komitə iclaslarında müzakirə olunan sənədlər isə mətbuata tamamilə qeyri- səffaf şəkildə, seçmə prinsipi ilə ötürülür.


Burada çalışanlar, bu qaydaları müəyyən edənlər və həyata keçirənlər anlamırlar ki, parlamentin qəbul etdiyi və ölkənin bütün vətəndaşlarının və biznesin həyatına təsir edəcək yeni qanunlar barədə ictimaiyyəti məlumatlandırmaq onların borcudur və onlar hər ay dövlət büdcəsindən əmək haqqını məhz buna görə alırlar.


Bununla əlaqədar olaraq FED.az biznes və maliyyə xəbərləri portalı Milli Məclisin mətbuat xidmətini öz işinə ciddi yanaşmağa, mətbuat orqanları arasında ayrı-seçkiliyə son qoymağa və vəzifə öhdəliklərini doğru düzgün yerinə yetirməyə çağırır.


Belə şəxslər birdəfəlik dərk etməlidirlər ki, Milli Məclisin məbuat xidməti onların şəxsi obyektləri deyil, dövlət və ölkə ictimaiyyəti qarşısında ciddi öhdəlikləri və qanunla müəyyən edilmiş vəzifələri olan qurumdur.


Milli Məclisin rəhbərliyini isə bu məsələ ilə maraqlanmağa və günahkar şəxslər barəsində ölçü götürməyə çağırırıq. 


Xüsusi qeyd edək ki, MM-in mətbuat xidmətinin hazırda əsaslandığı iş prinsipi və nümayiş etdirdiyi qeyri-peşəkarlıq və qeyri-şəffaflıq son dövrlər dövlət orqanlarında tətbiq edilən informasiya siyasətinə və ictimaiyyətin məlumatlandırılması siyasətinə qətiyyən uyğun gəlmir.


Ona görə də, Milli Məclisin mətbuat xidmətində ciddi islahatlar aparılmalı, bu şöbənin əməkdaşları dəyişdirilməli, daha ciddi və daha peşəkar mütəxəssislərlə əvəz edilməlidir.


Hələliksə, FED.az biznes və maliyyə xəbərləri portalı oxucularının obyektiv informasiyalarla operativ təmin edilməsi vəzifələrini əsas tutaraq Milli Məclisdə müzakirə edilən və hələ açıqlanmayan qanun layihələrinin ÖDƏNİŞLƏ əldə olunması niyyətini elan edir.


MM-in texniki əməkdaşları, deputatlar və bu məlumatlara çıxışı olan bütün şəxslər müraciət edə bilər. Anonimliyə zəmanət verilir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top