Tural Abbaslı: "Bu, Arif Hacılının siyasi bacarıqsızlığının nəticəsidir"

SİYASƏT 27 apr 2019, 11:41

Son aylarda ölkə müxalifəti daxilində həm canlanma, həm də qarşıdurmalar yaşanır.  Bütövlükdə əvvəlki zamanlara nisbətən düşərgə daha fəal görünür. Bunu Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı kimi yaradılan birliklərin fonunda qeyd edə bilərik.

 

Gedən proseslərdə ən çox diqqəti isə Müsavat Partiyası çəkir. Belə ki, bu partiyanın varlığı və ya yoxluğundan bir xəbər yoxdur. Heç bir prosesdə Müsavatın adı hallanmır. Sanki partiya mövcud reallıqlarla barışıb, qınına çəkilib. Bütün bunlar da suallar yaradır. Bunu ölkədəki siyasi proseslərin zəif olması və Müsavatın qurultaya hazırlaşması ilə əlaqəli olduğunu düşünənlər də var.

 

Məsələ ilə bağlı Müsavat rəhbərliyinin mövqeyini almaq istəsək də, mümkün olmadı.

 

Müsavat başqanlığına sabiq namizəd, AĞ Partiya rəhbəri Tural Abbaslı isə bildirdi ki, bir partiya rəhbəri kimi digər partiyaların siyasi mübarizəsini təftiş etməyin tərəfdarı deyil: “Amma vaxtı ilə Müsavat rəhbərliyində təmsil olunan bir şəxs kimi mövcud vəziyyətdə bu partiyanın passiv olmasının səbəbləri barədə nəsə deyə bilərəm. Vaxtilə biz Müsavatda təmsil olunanda bu partiya ölkənin bir nömrəli müxalifət partiyası idi. Amma təəssüflər olsun ki, son qurultaydan sonra aparılan yanlış siyasət, özünə qapanma, daxili çəkişmələrə daha çox yer verilməsi bu partiyanı demək olar, siyasi səhnədən çıxarıb. Bu gün də məndə olan məlumatlara görə daxildə bəzi proseslər gedir. O proseslər imkan vermir ki, Müsavat ölkədəki situasiyaya adekvat şəkildə fəaliyyət göstərsin, öz varlığını nümayiş etdirsin. Açığı, rəhbərliyin də marağında deyil ki, aktiv görünsünlər. Partiyaların hər birinin siyasi kursu, xətti olur. Müsavat əvvəllər mövcud situasiyaya uyğun fəaliyyət göstərirdi. Amma indi tam müdafiəyə çəkilib. Hətta bir növ, özünü unutdurmağa çalışır kimi görüntü yaradır. Yəqin ki, onlar öz daxillərinə qapanıb, bugünkü reallıqlarla barışıblar. İndiki rəhbərliyin xətti odur ki, nə iddialı olaq, nə ortada görünək, nə hədəfə gələk, nə də kimisə hədəfə gətirək. Bunun yanlış və ya doğru olduğunu zaman göstərəcək. Amma təəssüflə qeyd edə bilərik ki, Müsavat Partiyası siyasi səhnədən çəkilmək üzrədir. Proseslər bu şəkildə davam edərsə, çox güman ki, bundan da acınacaqlı vəziyyəti hamımız görəcəyik. Amma istənilən halda yenə də qeyd edirəm ki, bu onların daxili işləridir. Nə edirlərsə, özləri bilərlər. Sadəcə olaraq, illərimizi bu partiyaya qoymuş bir insan kimi söz demək hüququmuz var. Son qurultaydan sonra dəfələrlə qeyd etmişdim ki, qurultayın nəticələri önəmli deyil. Kimsə başqan seçilə, yaxud uduza bilər. Qurultaydan sonrakı idarəçilik çox önəmli idi. Bu idarəçilik isə yanlış istiqamətə getdi. Təəssüf ki, bu gün o zaman dediyim fikirlərin nə qədər həqiqət olduğu görünür”.

 

AĞ Partiya başqanı ölkədəki siyasi proseslərin zəif olması səbəbindən Müsavatın passiv olması ilə bağlı deyilənlərlə razılaşmır: “Qətiyyən belə düşünmürəm. Əgər belə olsaydı, digər siyasi partiyalar, təşkilatlar da siyasi səhnədən çəkilərdilər. Bu gün illər sonra yaradılan partiyalar belə Müsavatı kölgədə qoyublar. Əgər siyasi situasiya yoxdursa, o zaman digər partiyalar niyə ortadadır? Diskussiyalar, polemikalar, çəkişmələr haradan yaranır? Partiyanın işi siyasi proseslərin arxasınca sürünmək deyil, siyasi prosesləri yaratmaqdır. Yoxdursa belə, siyasi proses yaratmaq lazımdır. Əgər yarada bilmirlərsə, bu onların zəif olmalarının nəticələridir”.

 

T.Abbaslı Müsavatın qurultay hazırlıqlarının zəif olmasına səbəb olduğu barədə deyilənlərə də toxundu: “Bir ilə yaxındır qurultaya hazırlaşırlar, bəs əvvəl nə edirdilər? Bir qurultay bitəndən sonra dərhal növbəti qurultaya hazırlıqlar aparılmır. Qurultaya adətən son bir ildə hazırlıqlar gedir. Son bir ildən əvvəlki dönəmdə Müsavat nə edirdi? Siyasi proseslərdə daha öndə idi? Bütün bunlar birmənalı yanlış siyasətin nəticəsidir. Bir partiya qurultaya hazırlaşanda siyasi səhnədən çəkilir ki? Siyasi qurum daim aktiv olmalı, sözünü deməyi bacarmalı, siyasi proses yaratmalı, hakimiyyətlə qarşı-qarşıya gəlməyi bacarmalıdır. Bunların hamısını bacarmırsansa, demək idarəçilikdə yanlışlıqların var. Uğurlar necə birinci şəxsin ayağına yazılırsa, uğursuzluqlar da eyni qaydada yazılır. Dünyada qəbul olunmuş belə bir tendensiya var. Bu baxımdan Müsavatdakı uğursuzluq partiya başqanın ayağına yazılmalıdır. Müsavatın bu vəziyyətə düşməsi partiya başqanı Arif Hacılının siyasi bacarıqsızlığının nəticəsidir”.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top