“Avropa İttifaqı ilə imzalanacaq saziş həyatımızın bütün sahələrinə təsir göstərəcək”

SİYASƏT 22 apr 2019, 16:59

“Azərbaycan bütün ölkələrlə, beynəlxalq təşkilatlarla əlaqələrini yüksək səviyyədə qurub. Avropa Birliyi ilə münasibətlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlər strateji əhəmiyyət daşıyır, əlaqələrin dərinləşməsi, genişləndirilməsi Azərbaycana fayda verir”.


Demokrat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.


O bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli saziş imzalandıqdan sonra vətəndaşlar Avropaya rahat gedib gələcək, universitetlərlə əlaqələr genişləndiriləcək, Avropa standartlarının Azərbaycanda tətbiqi sürətləndiriləcək: 


“Buraya həmçinin iqtisadi, biznes əlaqələrinin daha da genişləndirilməsi və s. məsələlər daxildir. Avropa ilə imzalanacaq saziş həyatımızın bütün sahələrinə təsir göstərəcək. Bu sazişin imzalanması vacibdir. Saziş yalnız Azərbaycan üçün deyil, Avropa üçün də əhəmiyyətlidir. Strateji əməkdaşlıq heç vaxt birtərəfli olmur. İnfrastruktur layihələri, siyasi, təhlükəsizlik əlaqələri Avropa üçün də əhəmiyyət daşıyır. Sazişin imzalanması ilə münasibətlər növbəti mərhələyə keçəcək”.


"Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli saziş imzalandıqdan sonra vətəndaşlar Avropaya rahat gedib gələcək, universitetlərlə əlaqələr genişləndiriləcək, Avropa standartlarının Azərbaycanda tətbiqi sürətləndiriləcək".


S.Seyidov saziş layihəsinin ictimaiyyətə açıqlanmasını təklif edənlərə cavab olaraq deyib ki, burada gizli iş yoxdur: 


“Bəzi qüvvələr həmin sazişlə bağlı müzakirələrdən siyasi divident əldə etməyə, reytinqlərini artırmağa çalışırlar. Bütün məsələlər, demək olar, ictimaiyyət üçün açıqlanıb. Açıqlanmayan isə bəzi texniki məsələlərdir. Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, bu sazişdə bütün məsələlər açıqdır, gizli məsələ yoxdur. Avropa Birliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini açıqlayıb. Azərbaycan heç vaxt ərazi bütövlüyünə problem yaradacaq sazişi imzalamaz. Saziş layihəsinin açıqlamasını gündəmə gətirən insanlardan bir məsələni soruşun, bütün məsələlərin cavabı aydın olacaq. Soruşun ki, 1996-cı ildə Avropa İttifaqı ilə imzalanan sazişin müddəalarını bilirlərmi? Açıqlasınlar... Bu sazişlə bağlı məsələni gündəmə gətirməmişdən əvvəl, əvvəlki sazişin müddəalarını öyrənmak lazımdır. Hər bir sazişin müzakirəsi xüsusi bir çərçivədə aparılır. Burada qeyri-adi məsələ yoxdur”.


"Müqavilə 400 səhifədən artıqdır, sənəddə əks olunan müddəalar həm Azərbaycan, həm də Avropa İttifaqı ölkələrinin siyasi, iqtisadi, ticari, humanitar əlaqələrini tənzimləyir".


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev “Report”a açıqlamasında xatırladıb ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri 1996-cı ildə imzalanan və 1999-cu ildə qüvvəyə minən əməkdaşlıq müqaviləsi əsasında tənzimlənir: 


"Sazişin qüvvəyə minməsindən 20 il vaxt keçib. Bu müddət ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər kifayət qədər dərinləşib, iqtisadiyyatın, o cümlədən mədəni və humanitar həyatın bütün sahələrini əhatə edib. Qarşılıqlı münasibətlər imzalanan sazişi üstələyib”.


O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə yeni dövrün tələblərinə cavab verən, daha geniş, əhatəli bir müqavilə imzalamağa hazırlaşır: 


“Bu müqavilənin üzərində 2 ildən artıqdır ki, iş aparılır. Müqavilə 400 səhifədən artıqdır, sənəddə əks olunan müddəalar həm Azərbaycan, həm də Avropa İttifaqı ölkələrinin siyasi, iqtisadi, ticari, humanitar əlaqələrini tənzimləyir. Sazişin imzalanması Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətlərini yüksək pilləyə çatdıracaq. Bu münasibətlər iqtisadi, mədəni, humanitar əlaqələrin intensivləşməsini stimullaşdırılacaq”.


C.Feyziyev vurğulayıb ki, Azərbaycanın maraqları, yəni ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı bu müqavilə ilə bir daha təsdiq ediləcək: 


“Dağlıq Qarabağ məsələsi 2018-ci ilin iyununda imzalanan “Tərəflər arasında prioritetlər” adlı sənəddə əksini tapıb. Burada Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması qeyd olunub. Əgər Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, əlbəttə, belə bir sazişin imzalanmasından söhbət gedə bilməzdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top