Unudulmuş ADR zabiti: Salyanı bolşevik-daşnak qüvvələrindən müdafiə edən minbaşı Nazim Ramazanov

MARAQLI 20 apr 2019, 12:40

Bu günlərdə bir sıra xəbər saytlarında və telekanallarımızda 1918-ci ilinin mart ayında Salyan-Neftçala bölgəsində bolşevik-daşnak qüvvələrinin törətdiyi qırğınlar və Qafqaz İslam Ordusunun bolşevik-daşnak qüvvələrinə qarşı apardığı döyüşlərdən bəhs edən süjetə baxdım. Süjetdə Salyanın müdafiəsi zamanı Osmanlı ordusunun Ömər Paşa adlı bir generalının şəhid olmasından və Ramazan Paşa adlı komandirindən danışılırdı.


Hazırda məndə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının nəşr etdiyi, Qafqaz İslam Ordusunun (QİO) qərargah zabitləri tərəfindən yazılmış Azərbaycandakı döyüşlərlə bağlı hesabat məruzələrin heç birində Ömər Paşa adlı generalın şəhid olmasından bəhs edilmir. Buna, QİO-nun Azərbaycandakı döyüş yolunu sənədlər əsasında işıqlandıran nə yarbay (polkovnik-leytenant) Rüştü Türkər “Birinci Dünya Müharibəsində: Bakı yollarında 5-ci Qafqaz divizyası” kitabında, nə də yarbay Süleyman İzzət Yeğinin “Azərbaycan və Dağıstan müharibələrində 15-ci piyada divizyası” kitablarında rast gəlinmir.


Xalq arasında Ramazan Paşa kimi tanınan zabit isə Azərbaycan Ordusunun ilk zabitlərindən, Cavad qəzasında könüllülərdən təşkil olunmuş özünümüdafiə qüvvələrinin komandanı minbaşı (mayor) Nazim Ramazanovdur.


Mayor Nazim Ramazanov (bəzi türk qaynaqlarında Ramazanzadə olaraq qeyd edilir) Çar Ordusundan minbaşı (mayor) rütbəsində tərxis olunmuş Azərbaycan zabitidir. Hansı bölgədən olduğuna dair məlumat yoxdur. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) sənədlərindən aydın olduğu qədər minbaşı N. Ramazanov 1918-ci ilin may-avqust aylarında Cavad qəzasının Muğan və Salyanın müdafiəsini təşkil edib. Onun könüllülərdən təşkil etdiyi süvari və piyada dəstələr bolşevik-daşnak qüvvələrinin ölkənin mərkəzi və cənub rayonlarına doğru irəliləməsinin qarşısını alaraq düşmənə böyük itkilər verdirib.


Minbaşı Nazim Ramazanovun adına Azərbaycan qaynaqlarında çox az rastlaşırıq. Onun Cümhuriyyətdən əvvəlki həyatı və fəaliyyəti barədə Azərbaycan mənbələridən yalnız “Çar Ordusunun zabiti olub və mayor rütbəsində ehtiyata buraxılıb”dan başqa məlumat verilmir. Yalnız tarixçi Mehman Süleymanovun TSQ arxivləri əsasında apardığı araşdırmalarda Nazim Ramazanovun fəaliyyəti barədə müəyyən məlumatlara rastlaşmaq olar.


Qafqaz İslam Ordusunun qərargah rəisi, yarbay (polkovnik-leytenant) Nazimin 15 iyun 1918-ci il tarixində Müsüslü stansiyasından QİO qərargahına vurduğu teleqramda həmin gün cəbhədəki son vəziyyət barədə məlumat verərək, N. Ramazanovu tabeliyində olan qüvvələr və yerli əhalidən toplanan döyüşçülərlə birlikdə Cavad və ya Xocalı üzərindən Sığırlı stansiyasına göndərəcəyini bildirir.


QİO komandanlığının məruzələrindən göründüyü qədər Ramazanovun qüvvələrinə döyüşlərin gedişatında böyük güvən olub. 16 iyun 1918-ci il tarixində QİO-nun 5-ci Qafqaz diviziyasının iki bölük halında olan 20-ci taboru komandanlığın əmri ilə  N. Ramazanovun tabeçiliyinə verilmiş, iyunun 24-də 20-ci taborun bölüklərinin (1 piyada bölüyü, 1 pulemyot tağımı, 140 atlı süvari) silahları rus silahları ilə əvəz edilərək, vəziyyətin gərginləşdiyi Cavad bölgəsinə göndərilmişdir.


May-iyun aylarında yerli milislər və könüllülərdən qurduğu nizami bölmələr hesabına Cavad bölgəsinin müdafiəsini təşkil edən N. Ramazanov 19 iyun 1919-cu il tarixində Mollakənd yaxınlığından QİO-ya göndərdiyi teleqrafda bildirirdi:


Birlik 18 iyun günü saat 08:00-da Mollakəndin təxminən 6 km şimalındakı bərə körpüsünə çatıb. Birliyin şəxsi heyətinin durumu yaxşıdır. Təchizat da yetərlidir.
Birlik 2 saat sonra Cavad istiqamətində hərəkətə keçəcəkdir.


Muradxanlının (İmişli rayonunun kəndi) şimal şərqindəki Qarasu üstündə yerləşən körpüyə ara-sıra düşmən kəşfiyyat qrupları gəlir və xalqla vuruşmaqdadır. Muradxanlı və Sosor əhalisi tərəfindən körpü nəzarət altına alınıb. Mənimlə əlaqə yaratmaları onlara bildirilib.


Azərbaycan birliklərinə aid olub, birliyimə verilən topçu tağımının əsgərləri təlim və tərbiyyə görmədikləri kimi, başlarında bunları idarə edəcək zabitlər də yoxdur.
Təlim görmüş topçu əsgərlərlə bir zabitin təcili göndərilməsi üçün müvafiq şəxslərə əmr verilməlidir.


Zobofskinin qarşısındakı təpələrdə düşmənin ordugahı ilə çox sayda heyvanın mövcud olduğu əhalidən əldə edilən məlumatla anlaşılıb.


Bu məruzə saat 07:30-da yazılıb.


Birlik komandiri Nazim Ramazanov


Minbaşı Nazim Ramazanovun bolşevik-daşnak qüvvələrinə qarşı uğurlu döyüşlərdən biri 26 iyun – 4 iyul 1918-ci il tarixlərində Salyanın müdafiəsi olub. Ramazanovun qərargahından QİO-ya iyulun 8-də göndərilmiş döyüş hesabatında Salyanın müdafiəsi və əks-hücum əməliyyatı aşağıdakı kimi geniş təsvir olunur:


Bankədən hərəkət edən 2000-dən çox piyada, 12 pulemyot, 6 top, 2 zirehli paraxod və 4 nəqliyyat gəmisindən ibarət düşmən qüvvələrinin 20 iyun tarixində keçdikləri Kür çayının sağ və sol sahillərindəki kəndlərdə qətliamlar törətdikləri Nazim Ramazanov tərəfindən öyrənilib. Bunun üzərinə: 1 piyada bölüyü, 1 pulemyot tağımı, 1 dağ topu və 73 könüllü süvaridən ibarət birlik Qarağacdan paraxodla Salyana dislokasiya edilib. Salyana 5-6 km yaxınlaşıldığında düşmənin Salyana daha da yaxınlaşması ilə əlaqədar dəstə quruya çıxarılaraq, Salyan üzərinə hərəkətə davam edilib. Salyana girildiyi zaman düşmənin 3 km uzaqlıqda olması nəzərə alınaraq, qəsəbənin müdafiəsi məqsədi ilə tədbirlər görülüb. Birlikdən başqa, 60 nəfərlik könüllü dəstə də çayın qərb sahilindən düşmənə qarşı göndərilib. Düşmən 28 iyun günü birliyə hücum etsə də bir nəticə əldə edə bilməyib.


29 iyun 1918-ci il tarixində birliyin sağ cinahını mühasirəyə almağa təşəbbüs edən düşmənin cinahına və arxasına göndərilən süvari milislərlə bu plan nəticəsiz buraxıldı. Gün boyu davam edən düşmənin hücumları qırılıb.


30 iyun 2018-ci il günü düşmənin hücumu dayandırılıb və bir düşmən paraxodu dəqiq atışla sıradan çıxarılıb. Bir neçə gün hücum edib uğursuzluqdan başqa bir şey əldə edə bilməyən düşmən 1 iyul 1918-ci il günü təkrar fəaliyyətə keçmişdir. Birlik mövcud qüvvələri ilə əks hücuma keçib və düşmən mənəviyyatı pozulmuş halda geri çəkilməyə başlamışdır. Günəş batdıqdan sonra pərişan halda geri çəkilən və 2 iyul günü qaçmağa davam edən düşmən qüvvələri milis atlıları ilə şərqə doğru təqib edilib.

 


Bu döyüşlərdə dəstənin piyada birliyindən 3 əsgər şəhid olub, 2 əsgər yaralanıb. 1 qoşqu qatırı tələf olub, iki qatır yaralanıb. Milislərdən isə 10 əsgər şəhid düşmüş, 15 əsgər də yaralanmışdır. Düşmənin 132 ölüsü görülüb, ümumi itkisinin 600-ə qədər olduğu təxmin edilir. 30 sandıq rus piyada sursatı, 1 səyyar mətbəx, bir miqdar kabel və bəzi əşyalar ələ keçirilib.


Bankə civarındakı malakan və xoxol deyilən ruslar da döyüşlərə qatılan düşmən qüvvələri arasındadır. Düşmənin 3-cü və 5-ci taborları ilə birlikdə 6 top və 12 pulemyotu vardır. Əksəriyyəti ermənilərdən ibarət olan bu düşmən birliyində 300 nəfər iranlı müsəlman və 200 rus vardır.


Gəmilərdəki məsul şəxslərin böyük qismi rus, bir qismi də müsəlmandır. Zirehli gəmilərdə 2 top və 2 pulemyot mövcuddur. Nəqliyyat gəmilərinə bağlı duba və tombaz kimi avadanlıqlar vardır.


Məruzədən göründüyü kimi, Salyan uğrunda 7 gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Minbaşı Ramazanovun rəhbərliyi altında Salyanın müdafiəsi qısa müddətdə təşkil olunub. Ramazanovun qüvvələri müdafiədə düşməni yoraraq, əks-hücumla onu darmadağın edib. Azərbaycan ordusunun bölmələri 7 günlük döyüşdə az sayda itki ilə düşməni ağır tələfata uğradaraq, sonrakı həftələrdə hücumu inkişaf etdirərək iyulun 12-də bolşevik—daşnak qüvvələrini Bankə qəsəbəsindən də çıxarmaqla, bölgəyə tam şəkildə nəzarəti təmin etmişdir.


Nazim Ramazanovun özünün tərəfindən QİO qərargahına göndərilmiş raportda 26 iyun 1918-ci il tarixində Salyan yaxınlığında 200 piyada və süvari, 6 top, 5 pulemyot, 2 zirehli ilə 4 nəqliyyat paraxodundan ibarət düşmən qüvvələri ilə baş verən döyüşdən bəhs edir. O, QİO-dan kömək məqsədi ilə göndərilən bölüklərinin 29 iyun 1918-ci il tarixində Cavada yetişdiyini, istehkam bölüyünün Sığırlı-Qarasu stansiyaları arasından Bakı-Kürdəmir dəmir yolunu sıradan çıxarmaq təşəbbüsünü həyata keçirməyə çalışdığını, həmin döyüşlərdə 3 əsgərin şəhid olduğunu və 5 əsgərin yaralandığını bildirir.


QİO –nun Salyandakı birlik komandirlərindən minbaşı Əhməd Hamdi 18 iyul tarixində QİO qərargahına göndərdiyi teleqrafda Nazim Ramazanovun komandanlıq etdiyi bölmələr tərəfindən həyata keçirilən əməliyyat barədə məlumat verərir. 


Məruzədə bildirilir ki, iyulun 12-də, gecə saat 03:00 radələrində Yeni Vasilevka-Bankə xəttində mövqe tutmuş 50 süvari, 400 piyada, 12 pulemyot, 3 top və 2 gəmidən ibarət düşmən qüvvələrinə basqın edilib. Yeni Vasilevkadakı düşmən qüvvələrinin bir qismi məhv edilib, bir qismi də gəmilərə doluşaraq qaçıb: 


“Bankədəki düşmən qüvvələri bir binaya sıxışdırılmış, böyük itkilərə məruz qalmış və bunlar da gəmilərlə qaça bilmişlər. Hər iki kənd də birliklərimiz tərəfindən ələ keçirilib. Düşməndən təmizlənən Kür çayının mənsəbi köhnə duba və gəmilər batırılaraq qapadılıb. Nazim Ramazanov bir piyada bölüyü, 2 rus pulemyotu və 1 topla Bankədə qalaraq, geri qalan qüvvələrlə 15 iyul günü Palat-Tuğay bölgəsinə gəlinib. Qovulan düşməndən ümumilikdə 4 pulemyot, 63 tüfəng, 100 sandıq tüfəng və top mərmisi, 7 qayıq, bir miqdar benzin, duzlu balıq və bəzi əşyalar ələ keçirilib. Biri erməni və digərləri iranlı olmaqla, 31 nəfər əsir götürülüb. Dəstədən 2 könüllü olmaqla, 11 nəfər şəhid olub, 1 zabit, 13 əsgər yaralanıb”.


Qeyd edək ki, Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinə hazırlıqlar davam edərkən N. Ramazanov cənubda bolşeviklərin yaratdığı təhlükənin aradan qaldırılmasında iştirak edib. QİO komandanlığının əmri ilə Lənkərandan və digər cənub rayonlarının yerli əhalisindən Cümhuriyyət ordusu üçün könüllü dəstələrin toplanmasını və hazırlanmasını həyata keçirib. N. Ramazanov Lənkəranda cəmləşmiş düşmən qüvvələrinin zərərsizləşdirilməsi üçün kəşfiyyatlar aparıb. 

Yarbay Rüştü Türkər “Birinci Dünya Müharibəsində: Bakı yollarında 5-ci Qafqaz divizyası” kitabında bu barədə maraqlı məlumata rast gəlirik: “Bankədə kiçik bir dəstəylə buraxılmış Nazim Ramazanov Cavada gələrək Kənkəran ətrafında toplanan və son zamanlarda fəaliyyətə keçən düşmən barədə bu bilgiləri verdi: 


“İndiyə qədər Lənkəranda olan 3000-4000-ə qədər piyada, 6 top, pulemyot və bir neçə zirehli avtomobildən ibarət düşmən qüvvəsi bir neçə gündən bəri fəal vəziyyətdədir. Bu qüvvələrdən böyük bir qismi Biləsuvardan, buranın 24 km şərqindəki Təklədən gəlmişdir””.


Bu məruzənin ardınca, 13 avqust 1918-ci il tarixində QİO komandanlığından verilən əmrdə minbaşı Ramazanovun müsəlman əhalini idarə etmək və Lənkərandakı düşmən qüvvələrinə qarşı əməliyyat hazırlamaq məqsədi ilə araşdırmalar aparmaq üçün Lənkəranın qərbindəki dağlara göndərilməsi tapşırılırdı. Yarbay R. Türkər daha sonra yazır: “Nazim Ramazanovun azərbaycanlı olması və Salyan ilə Bankə bölgələrində uzun müddətdən bəri fəaliyyət göstərməsi ilə əlaqədar olaraq, komandanlıq etdiyi birliyi buraxıb Lənkəranın qərbindəki dağlara getməsinin uyğun olmayacağı, ancaq düşmən fəaliyyətlərinə davam etməzsə (söhbət Bankə və Salyana təkrar hücum ehtimalından gedir- R.S), o zaman getməsinə bir problem görülmədiyi QİO komandanlığına bildirildi. Ramazanovun düşmən əməliyyata davam etmədiyi təqdirdə bilavasitə məlumat əldə etmək və Lənkəranın ələ keçirilməsi üçün milis qüvvələrini toplamaq məqsədi ilə cənuba göndəriləcəyi QİO komandanlığı tərəfindən bildirilmişdir”.


Qeyd edək ki, Azərbaycan Ordusunun qurulmasında, bolşevik-daşnak qüvvələrinin cənuba və Kür çayından qərbə doğru hücumlarının qarşısının alınmasında mühüm rol oynamış zabitimiz minbaşı Nazim Ramazanovun Cümhuriyyət dövründə və 1920-ci ildən sonrakı həyatı barədə heç bir məlumat mövcud deyil. Bu qəhrəman zabitimizin həyatının tədqiqi 100 ildən sonra hərb tariximiz üçün böyük töhfə olardı.


Rəşad Süleymanov


Yazıda TC Baş Qərargahı tərəfindən nəşr edilmiş yarbay Rüştü Türkerin “Bakı Yollarında 5-ci Qafqaz Divizyası” kitabındakı materiallardan istifadə edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top