“Prezident və onun ailə üzvləri haqqında yalan yayırlar” — YAP Siyasi Şurasının üzvü

MARAQLI 19 apr 2019, 22:19

“Azərbaycanda həyata keçirilən uğurli siyasət daxili və xarici antiazərbaycan qüvvələrin çirkin kampaniyalarının nə qədər əsassız olduğunu açıqlayır. Bu danılmaz faktdır ki, Azərbaycanın müstəqil siyasətindən, davamlı uğurlarından narahatlıq xarici antiazərbaycan qüvvələrin əsassız təbliğat kampaniyalarına səbəb olur”. 


Demokrat.az xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xarici antiazərbaycan qüvvələrin və “5-ci kolon” adlandırılan qrupların apardığı kampaniyaya münasibət bildirərkən söyləyib. 


O deyib ki, hər bir cəhd reallıqlar fonunda uğursuzluğa düçar olmağa məhkumdur: 

“Diqqət çəkən əsas məqam isə bu ünsürlərin daxili bədxahlarımızdan öz çirkin niyyətlərini həyata keçirmələrində bir vasitə kimi bəhrələnmələridir. 


Xarici antiazərbaycan qüvvələr, onlara xidmət edən “Trensparency İnternational”, “Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Bu kimi çirkin kampaniyaların daha çox hansı vaxtlarda həyata keçirildiyi məlum olaylardandır. 


Nəzərə alsaq ki, yaxın günlərdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı işlər tamamlanacaq, bu, artıq həmin qüvvələri belə ənənəvi yollarını davam etdirməyə sövqe edir. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də belə narahatlıqların artmasında rol oynayır”.


V.Rəhimzadə vurğulayıb ki, ölkəmizə qarşı aparılan belə çirkin və ədalətsiz kampaniyalara tutarlı cavab reallıqlarımızdır: 


“Ən yüksək zirvələri fəth edən, hər bir sahədə beynəlxaq səviyyəli tədbirlər üçün ideal məkan seçilən, ən əsası ədaləti əsas meyar kimi qəbul edən Azərbaycana beynəlxalq baxış artdıqca bu kimi cəhdlər qaçılmazdır. Lakin belə əsassız kampaniyalar heç bir təsir imkanına malik deyil, əksinə, Azərbaycan daha da qüdrətlənir, güclənir, davamlı uğurlara imza atır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top