Nazirlik: “Tarifləri dəyişən poçt xidmətlərindən vətəndaşlar az istifadə edir”

İKT 14 yan 2022, 15:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tarif (Qiymət) Şurasının ötən gün qəbul etdiyi qərarla “Azərpoçt” MMC-nin göstərdiyi universal poçt rabitəsi xidmətləri (UPX) üzrə tariflərinin yeniləməsinə dair açıqlama yayıb.

Demokrat.az-ın məlumatına görə, açıqlamada deyilir ki, tariflərin artırılmasına səbəb onların maya dəyərindən çox aşağı olmasıdır.

Belə ki, mövcud tariflər 1 fevral 2011-ci il tarixində qüvvəyə minib və ötən müddət ərzində “Azərpoçt”un ümumi istismar xərclərinin 2 dəfə, o cümlədən işçilərin əmək haqlarının təxminən 2,5 dəfə artması nəticəsində xidmətlərin maya dəyəri daha da yüksəlib.

Digər tərəfdən, son illərdə beynəlxalq poçtun xarici valyutada hesablanan daşıma və çatdırma xərclərinin 2 dəfədən çox artması da beynəlxalq poçt xidmətlərinin maya dəyərinin kəskin yüksəlməsinə səbəb olub. Bütövlükdə “Azərpoçt” üzrə UPX-nin göstərilməsi maya dəyərindən aşağı olduğu üçün hər il qurumun büdcəsinə kifayət qədər zərər dəyib.

Bütün bunlar UPX üzrə mövcud tariflərə yenidən baxılmasını zəruri edib və bu yenilənmə daha çox tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədini daşıyıb.

Tarif dəyişiklikləri nəticəsində çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata qaldırılıb. Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən 60 qəpiyə qaldırılıb.

Beynəlxalq məktub poçtu üzrə də tariflərə yenidən baxılıb və qismən maya dəyərinə uyğunlaşdırılıb.

Sözügedən xidmətləri daha çox dövlət qurumları istifadə edir (80-85%), xidmət istifadəçilərinin az hissəsini vətəndaşlar təşkil edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top