MEDİA-nın ilk yubileyi — Mediamızın “miladı”

MEDİA 12 yan 2022, 10:33
Bu gün MEDİA Agentliyinin yaradılmasından bir il ötür. Media sahəsində başlanan islahatlarda təkcə bir detala diqqət etmək kifayət edir ki, həm yeni mərhələdən, həm də bu mərhələnin lokomotivi rolunu oynayan Agentliyin uğurlu olduğundan danışa bilək. Jurnalist cameəsi yaxşı xatırlayır ki, əvvəlki dövrlərdə media üzərində ciddi inzibati basqı var idi və bu, peşəkarların fəaliyyətinə mane olur və qeyri-peşəkarları, “reket jurnalistləri” önə çıxarırdı. Bir məqama nəzər yetirsək, bu paradoksı anlamaq mümkündür.

Peşəkar media üzərində basqı o həddə idi ki, jurnalistika prinsipləri yoxa çıxmışdı və bundan istifadə edən qeyri-peşəkarlar “həqiqəti” demək adı altında populyarlaşır, cəmiyyət də hər şeyin monoton olduğu peşəkar mediadansa, “reket”lərin arxasınca düşürdü. Nəticə təkcə media üçün yox, həm də dövlət maraqları üçün ciddi risklər yaratmışdı. 

Prezident İlham Əliyev ən kritik məqamda prosesə müdaxilə etdi. 12 yanvar 2021-ci il tarixində dövlət başçısının imzaladığı “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla media sahəsində yeni mərhələ başlandı. Prezidentin media sahəsində başlatdığı islahatlara əslində Azərbaycanda həyata keçirilən köklü islahatların tərkib hissəsi kimi də baxa bilərik. Dövlətin bütün sferalarında – icraedici orqandan tutmuş qanunverici və məhkəmə sisteminə qədər bütün sahələri əhatə edən islahatlar paketi Azərbaycanı yeni mərhələyə daşıyırdı. Vətən müharibəsi öncəsi, müharibə və sonrasında informasiya təhlükəsizliyinin əhəmiyyətinə nəzər yetirdikdə, mediada islahatların məqsədini daha yaxşı anlamaq olar. Prezident Azərbaycan mediasının nüfuzlu və beynəlxalq səviyyəyə çıxa biləcək səviyyəyə gəlməsi üçün ciddi təşəbbüslər irəli sürdü və bu gün bu təşəbbüslərin nəticəsini görə bilirik.



Dövlət başçısının təşəbbüsü ilə media sahəsində struktur dəyişikliyi, aparılan islahatlar və MEDİA-nın yaradılması hər şeyi dəyişdi, özü də sözün gerçək mənasında və ən əsası bizlər “jurnalistik” deməkdən daha qısılmamağa, utanmamağa başladıq. Çox gözləmişdik və özləmişdik bu günləri. Çünki qeyri-peşəkar, “reket” və sifariş yerinə yetirənlərin səsi o qədər güclü idi ki, məzhəb itib, ara qarışmışdı və mediada nəyin nə olduğu bəlli deyildi.

MEDİA Agentliyinin yaradılması Prezident İlham Əliyev tərəfindən bu sahədə atılan ən mühüm addımlardan biridir. Agentliyin bir illik fəaliyyətinə nəzər yetirdikdə, qərarın nə qədər əhəmiyyətli olduğunu görə bilərik. MEDİA həm dövlət başçısının, həm də jurnalistlərin etimadını doğrultdu.



MEDİA nə etdi?

Birincisi, jurnalistlər üzərindəki basqı aradan qalxdı, peşəkar mediaya fəaliyyət imkanları yaradıldı. Bu yetərlidir ki, media cameəsi hər kəsi öz süzgəcindən keçirsin, peşəkarlarla qeyri-peşəkarlar ayırd edilsin. MEDİA-ya buna görə təşəkkür edirik...

İkincisi, dövlətin mediaya dəstəyini ədalətli şəkildə böldü. Əvvəllər bütün dəstəyin qeyri-obyektiv şəkildə bölünməsi nəticəsində media medialıqdan çıxmış, oliqarx sistem formalaşmışdı. Agentlik ən böyük bəlalardan olan bu problemi aradan qaldırdı. Onlayn mediaya maliyyə yardımının ayrılması zamanı imkanı az, potensialı böyük olan saytlara xüsusi diqqət ayrıldı və bununla illərdir pozulan ədalət prinsipi bərpa edildi. Təsadüfi deyil ki, həmişə “böyük tikə”ni mənimsəyən oliqarx media resursları ədalətli bölgüyə qarşı çıxdı, lakin agentlik qərarından geri çəkilmədi. Bu, biz jurnalistlərin çox az rastlaşdığı haldır. MEDİA-ya ədalətli qoruduğu üçün təşəkkür edirik...

Üçüncüsü, dövlət dəstəyinin ədalətli bölgüsündən sonra agentlik Vüqar Səfərli kimi maliyyə yardımı ayrılan saytlar üzərində “jandarmalıq” etmədi, sadəcə kənarda dayandı və yaradıcılıq işinə qarışmadı. Bu, peşəkar jurnalistika üçün ən mühüm amildir. MEDİA-ya peşəkar davranışı üçün də təşəkkür edirik...

Dördüncüsü, jurnalistikanın sözün əsl mənasında cəfakeşləri olan, bütün günü işləmələrinə baxmayaraq, nə normal təminatı, nə də sosial müdafiəsi olmayan işçi heyətinin həm normal əmək haqqı alması, həm də sosial müdafiəsinin təmin edilməsi istiqamətində mühüm addım atıldı. Agentliyin maliyyə yardımı ayırdığı media resursları qarşısında əsas tələblərindən biri əməkdaşlarının rəsmi maaş almasını təmin etməkdir. Bu, media tariximizdə yeni mərhələnin başlanğıcının əyani nümunələrindən biri hesab edilə bilər. MEDİA-ya sıravi jurnalistləri unutmadığına görə də təşəkkür edirik...



Beşincisi, mediada xaos vəziyyətinin aradan qaldırılması üçün belə demək mümkünsə, “qanunsuzluq” aradan qaldırıldı. Çünki 20 il öncə qəbul edilmiş qanun nə dövrün tələbinə, nə də onlayn mediaya uyğun deyildi və əlinə smartfon alan istənilən şəxsin jurnalistika ilə məşğul ola bilməsi, eləcə də “reket jurnalistikanın” çiçəklənməsi üçün münbit şərait var idi. “Media haqqında” qanunun qəbulu “baş-ayaq” vəziyyətinə düşmüş mediamızı xilas edir. MEDİA-ya “qanunsuzluğu” aradan qaldırdığı üçün də təşşəkkür edirik...

Altıncısı, yeddincisi və sairə... bu siyahını uzada da bilərik. Çünki MEDİA-nın son bir ildə medianın inkişafı, xüsusilə medianın peşəkarlaşması və peşəkar medianın fəaliyyəti üçün gördüyü işlərin kəmiyyəti də, keyfiyyəti də böyükdür. Burada ən vacib məsələ MEDİA-nın mediamızın adını, nüfuzunu və dəyərini özünə qaytarmasıdır.

Bu bir ildə sərf etdikləri əməyə, sərgilədikləri ədalətli mövqeyə, göstərdikləri peşəkar fəaliyyətə görə MEDİA Agentliyinə təşəkkür edir, ilk yubiley yaşlarını təbrik edirik. Bu, təkcə MEDİA-nın yox, həm də bütün mediamızın ilk yubileyidir, peşəkarlığın əsas dəyərə çevrilməyə başladığı dövrdən bir il ötür və hamımıza “miladımız mübarək” deyə bilərik. 



Ən əsası da hər şey üçün Prezident İlham Əliyevə təşəkkür edirik!

Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top