Tokayev rusların tələsinə düşmədi: Qazaxıstanda nə baş verir?

DÜNYA 05 yan 2022, 16:44
6 il Orta Asiyada çalışdığımdan Qazaxıstanda gedən prosesləri hesab edirəm düzgün analiz edə bilərəm. Çünki Azərbaycanda olsam da, bu coğrafi ərazidə baş verən hər detalı diqqətlə izləyirəm.

Beləliklə, Qazaxıstanda nə baş verir? Bahalaşmaya qarşı etiraz?

Yalnız bunu qəbul edənlər əlbəttə ki, yanılırlar. Bu barədə uzun-uzadıl dastan açmağa ehtiyac yoxdur. Xüsusi olaraq qeyd edim ki, Putin Paşinyan kimi Tokayevi də ciddi lider kimi qəbul etmir. Bu, ayrı şərhin mövzusu olduğu üçün həmin məqamın üstündə dayanmaq istəmirəm. Rusiyanın nəhəng Orta Asiya ölkəsinə qarşı ərazi iddiaları var. Bu da bütün politoloqların, ekspertlərin bildiyi bir detaldır.

Gəlin, biz məsələyə ayrı prizmadan yanaşaq. Elə beyin mərkəzlərində ömürlərini çürüdən rusların baxışlarına istinad edək.

Ruslar hesab edir ki, Qazaxıstanın bölünməsini indi xəyal etmək müəyyən mənada orada yaşayan rusların maraqlarını qorumaqdır. Yəni nəzəri olaraq, ölkə sürətlə türkləşmə prosesini yaşayır. Ya ruslar assimilyasiya olunacaqlar, ya da yeni köç başlayacaq. Bütün hallarda bu gün qardaş Qazaxıstanda vəziyyətin gərginləşməsi Rusiyanın xeyrinə deyil. Halbuki bunda maraqlı olan qüvvələr var. Amma ağıllı ruslara görə proseslər Rusiyanın nəzarətindən çıxsa, Rəsmi Kreml gözlənilməz, dəhşətli nəticələrlə hətta zorakılıqla de-ruslaşdırma ilə üz-üzə qala bilər. Çünki Rusiya ilə bu ölkənin 2700 kilometrdən çox sərhədləri var. Ukrayna boyda əraziləri işğal edən dövlət vəhşi Türküstanla yeni sərhəd əldə edəcəkmi? Rus analitikləri düşünür ki, ümumiyyətlə, Moskva bu proseslərin ağır nəticələrinə hazırdımı? Ordu missiyanı üzərinə ala bilərmi? Onlara görə, qazaxları məğlub etmək asandır, amma Mərkəzi Hərbi Dairə oxşar təlimlər keçiribmi? Qazaxıstanın əsasən rusların yaşadığı hissəsinin ərazisi separatçı Luqansk Respublikasının ərazisindən yüz dəfə böyükdür.

Rusiya Donbass, Zaqafqaziya, Dnestryanı, Suriya ilə yanaşı Qazaxıstanda yaranacaq yeni münaqişəni çiynində daşımaq gücündə deyil. Bu, aydın görünür. Moskvada işləyən beyin mərkəzləri iddia edir ki, dövlət mexanizmi bir neçə istiqamətdə eyni vaxtda oyuna tab gətirməyəcək. Putin dözməz bu “dərdə”.

Onda Qazaxıstanla bağlı Rusiyanın son qərarı nə olacaq? Ruslar təəssüf edir ki, indi yalnız bir çıxış yolu var – etirazları yatırtmaq və münaqişəni dondurmaq. Yəni, əvvəlki illərdə olduğu kimi davranmaq. Hər ehtimala qarşı, Rusiyada və ABŞ-da hadisələrin inkişafı üçün müxtəlif senarilər hazırlanır. Moskva yeni rus qaçqınlarına qucaq açmağa hazırdır. Amma bunu arzulamır. Çünki ruslarla bərabər digər etnik xalqlar da qaçqın kimi Rusiyaya soxulacaq. Bu, şəksizdir.

Rus əks-kəşfiyyatçıları Qazaxıstanda qərbpərəst qüvvələri yaxşı tanıyır. Onların rusofil qüvvələrdən heç də az gücə malik olmadıqlarını yaxşı bilir.
Ona görə də Moskvanın hərbi elitasının planlarının üstündən qırmızı xətt çəkilib. Müvəqqəti. Bu plana görə, Rusiya Qazaxıstandan (şimali Qazaxıstandan) rus əhalisi olan torpaqları qoparmalıdır.

Ancaq ən azı geosiyasi, hətta imperiya baxımından da bu plan uğurla icra oluna bilməz. Əgər elədirsə, onda gərək bütün Qazaxıstan ələ keçirilsin və Ermek Tayçebekovu general-qubernator təyin etmək lazım olacaq. Ablyazovun acığına…

Amma Putin hələ ki, ah çəkib Tokayevi dəstəkləyəcək.

Azərbaycan isə strateji ölkə olan Qazaxıstanda bütün arzuolunmaz senarilərin həyata keçməsində maraqlı deyil. Qardaşlıq bir yana, Qazaxıstan bizim üçün çox vacib ölkədir. Türkiyə və İsrail kimi!

Hələlik bu qədər.

P.S. Yeri gəlmişkən, Qazaxıstan rəsmiləri Belarusda olduğu kimi etirazları tam yatıracaqlarına arxayındırlar. Və ya arxayın kimi görünməyə cəhd edirlər.

Amma bir çox suallar açıq qalır. Məsələn:

Qazaxıstanda təhlükəsizlik qüvvələri nə qədər operativdir, əhatə dairəsi necədir? Onlar da hər bir fəalı tanıyırlarmı? Belarus kimi Qazaxıstanın təhlükəsizlik qüvvələri imtahandan necə çıxacaq? Kərim Məsimov və “Sırbar”, eləcə də ordu Nazarbayevə sadiqliyini göstərəcəkmi?

Qazaxıstanın bir problemi də var. Cənubluların rusdillilərə münasibətləri çox mənfidir. Yeri gəlmişkən, ruslar deyir ki, bu ölkədə türk və İngilis agentləri çox güclü işləyir. Bir sözlə, ölkə ciddi sınaq qarşısındadır.

Fadil Paşayev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top