Şahbaz Xuduoğlu: “Gəncədə ziyana getdik, hətta xərcimizi belə çıxara bilmədik, amma yenə də gedəcəyik”

MÜSAHİBƏ 28 dek 2021, 13:55
Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Demokrat.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

-Şahbaz bəy, artıq neçə müddətdir ki, kitab sərgiləri təşkil edirsiniz. Necə düşünürsünüz, bu gün ölkəmizdə kitaba maraq hansı səviyyədədir?

- İlk olaraq qeyd edim ki, kitaba maraq ildən-ilə artır. 44 günlük Vətən müharibəsindən sonra, xüsusən yerli ədəbiyyata və tarixi mövzulara maraq artıb. Azərbaycan və Qarabağ tarixindən bəhs edən kitabları nəzərə almaqla, eyni zamanda yerli müəlliflərin də kitablarının satışı artıb. Artıq bir müddətdir ki, biz bu sərgiləri təşkil edirik. Sərgilərdə bizim yerli yazıçılarımız kitablarını imza edirlər, satırlar. İndi onların da imkanı yaranıb ki, geniş oxucu dairəsinə çıxa bilsinlər. Bu da onu şərtləndirir ki, yerli müəlliflərə də diqqət artırılıb. Amma, ümumən götürəndə də, əlbəttə ki, ən çox tərcümə ədəbiyyatları satılır. Bu ilki statistikaya görə, Azərbaycanda ən çox satılan Corc Oruellinin əsərləridir. Onun “1984” əsəri ilin ən çox satılan əsəridir. Azərbaycan ədəbiyyatları arasında isə ən çox satılan İlkin Rüstəmzadənin “Qaranlığın hekayəsi” əsəridir. Hələ ki, bu əsərlər öndədir”.

- TOP-20-likdə olan hansı əsərlərin adlarını çəkərdiniz?

- Azərbaycan ədəbiyyatında biz əgər TOP- 20-yə baxsaq, o zaman birinci yerdə İlkin Rüstəmzadədir, sonra Fərman Kərimzadə, Cəlil Məmmədquluzadədir.  “Qarabağ tarixi” və  “Qaraqan”  əsərləri isə ilkin onluğa daxildir. Qeyd edim ki, daha çox satılan kitablar arasında özünü inkişaf və motivasiya kitabları üstünlük təşkil edir. Bunlar arasında  ilk 20-likdə olanlar  “Sirr”,  “Varlı ata, kasıb ata”, “Bədən dili”, “Düşün və varlan”, “Yüksək effektli insanların yeddi vərdişi” və s. kimi belə özünü inkişaf və motivasiya kitablarıdır. Ümumiyyətlə, götürəndə kitab satışında bu tip kitablar çoxluq təşkil edirlər.

- Gəncədə keçirilən kitab sərgisini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, bölgələrdə heç zaman kitab sərgisi keçirilməyib. Bu ilk kitab sərgisi idi. Ona görə də, mənə elə gəlir ki, bunun belə zəif keçməsinin məntiqsiz səbəbləri var. Bəlkə də, o sərgilər davamlı olaraq ildə iki dəfə Gəncədə keçirilərsə, effekti olar. Eyni zamanda, region yazıçılarını da o satışa cəlb etmək,  eyni zamanda onların yazı yazmaq, nəşr eləmək və s. kimi problemlərini də müzakirə etmək, hesab edirəm ki, kitab satışına öz müsbət təsirlərini göstərə bilər. Bilirsiniz ki, Gəncə Azərbaycanın qədim şəhəridir, vaxtilə Azərbaycanın paytaxtı olub, parlament ilk dəfə orada yerləşib və s. xeyli üstünlükləri var Gəncənin. Düzdür, Gəncədə ziyana getdik, hətta xərcimizi belə çıxara bilmədik. Amma, yenə də gedəcəyik. Çünki, bu, bizim boynumuzun yüküdür, gərək bu yükü daşıyaq. Məncə, növbəti dəfə daha yaxşı olacaq. Çünki oxucu bu dəfə hazırlıqlı deyildi və hansı kitabı oxumalı olduğunu da bilmirdi.

-Sizcə, sərgilərin oxucuların sayının artmasına təsiri olacaqmı?

- Hər bir sahədə sərgi keçiriləndə o sahə inkişaf edir. Sərbəst bazar və kitaba çatmaq imkanı varsa, oxucunun qabağında  kitab görülürsə,  o kitab haqqında söhbət gedirsə, o, mütləq alınacaq, satılacaq, oxucuların sayı da artacaq. Bu mənada sərgilər davamlı olmalıdır, dayanmamalıdır. Bayramlarda, hər hansı tədbirlərdə də hesab edirəm ki, yan sərgi də keçirmək olar. Məsələn, hansısa regional tədbir var və o regional tədbirin yanında kitab sərgisi də olsa pis olmaz. Məsələn, Şərab festivalı, Nar festivalı olur. Bəlkə də, bu festivalların yanında kitaba da yer vermək olar ki, insanlar gələndə orada kitab da görsünlər. Bu mənada kitabı həmişə göz görən yerdə tutmaq lazımdır, gizlətmək yox. 

-Tez-tez kitabların təqdimatı haqqında kiçik videolar çəkərək paylaşırsınız. Bunun oxucuya hansısa təsirləri olurmu?

- Mən həmişə nəşr elədiyim kitabı oxuyub onun haqqında danışmağa üstünlük verirəm. Bilirəm ki, bu kitab hansı insanlara kömək edə bilər. O mənada fikirlərimi dilə gətirib paylaşıram və insanlar da faydalanır. Müvafiq səhifələr var ki, məsələn, mənim səhifəm, “Qanun” nəşriyyatının səhifəsi ki, həmin səhifələrdə kitabla maraqlananlar orada həmin videolara baxaraq müvafiq məlumatlar əldə edə bilərlər və özləri üçün lazım olan kitabları seçə bilərlər. Hesab edirəm ki, bu kimi işlərin də oxucu kütləsinin artmasında çox faydası var.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top