Bağçalarda qanunsuzluqların qarşısını almaq üçün yeni qaydalar tətbiq olunacaq — AÇIQLAMA

GÜNDƏM 24 dek 2021, 14:08
Ötən gün təhsil naziri Emin Əmrullayev müsahibəsində bağçaya qəbulun elektron qaydada olacağını bildirib. Nazir vurğulayıb ki, hazırda birinci sinfə, məktəbəqədər təhsilə qəbul, o cümlədən şagird yerdəyişməsi ilə bağlı elektron sistemlər mövcuddur. Maraqlıdır, bu yeni qərarla bağçalara tərbiyəçilərin qanunsuz işə qəbulunun, uşaqların rüşvətlə bağçalara yerləşdirilməsinin qarşısı alınacaqmı?

Suallımızı cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov  Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün istər bağçalarda, istərsə də məktəblərdə şagirdlərin qəbulu və yerdəyişməsi, hətta tərbiyəçilərin işə qəbulu ilə bağlı ən optimal, uğurlu variant bu prosesin elektron qaydada  həyata keçirilməsidir. Deputat qeyd edib ki, bu, baş verən qanunsuzluqların qarşısını almaq üçün atılan çox önəmli addımdır: 



“Əlbəttə ki, bu proseslərin elektron qaydada həyata keçirilməsi ilk növbədə şəffaflığı təmin edəcək. Birbaşa ünsiyyəti azaldacaq və neqativ hallara son qoyacaq. Bu, birmənalı olaraq əhəmiyyətli məsələdir. Biz bunu mütləq tez bir müddətdə həyata keçirməliyik”.

C.Məmmədov qeyd edib ki, əgər gələcəkdə vətəndaşlarımız belə hallarla rastlaşarsa, o zaman mütləq aidiyyatı dövlət orqanlarına müraciət  etsinlər: “Qeyd edim ki, artıq vətəndaşlarımız şikayətlərini Təhsil Nazirliyinə edə biləcək. Əgər hüquq və qanun pozuntusu olarsa, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Çünki, vaxtında edilən müraciət bu kimi halların qarşısını alıcaq. Hesab edirəm ki, əvvəlki dövrlərlə müqayisədə hazırda bu sahədə çox ciddi dəyişiliklər var, hətta müəyyən nailiyyətlər də əldə olunub. Biz bu addımları atmaqla daha böyük uğurlara nail olacağıq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top