“Hesab edirəm ki, o şəxslərin özləri də cəzalandırılmalıdır”— İlahiyyatçı dini klipdən danışdı

GÜNDƏM 22 dek 2021, 20:02
Təhsil naziri Emin Əmrullayev dünənki brifinqdə çıxış edərkən dini klipin çəkildiyi məktəb direktorunun cəzalandırıldığını diqqətə çatdırdı.

Məsələyə münasibat bildirən ilahiyyatçı-ekspert Tural İrfan Demokrat.az-a açıqlamasında bildirib ki, dini klipin çəkildiyi məktəbin direktoru haqlı cəzalandırılıb:


“Çünki məktəb dini yox, dünyəvi təhsil ocağıdır. Orada dini yox, dünyəvi elmlər tədris olunur. O klipin çəkilməsinin isə arxasında daha böyük hiylə dayanırdı.  İranyönlü şəxsin məzhəbçi ideologiya ilə azyaşlıları da iranyönlü təqdim etməsinə hesablanmış addım idi. Əgər dini klip çəkilirsə, bu, orta məktəbdə yox, digər yerlərdə çəkilə bilər. Ən əsası isə Allahın varlığı, Peyğəmbərin həyatı və amalı, ibtidai şərait məsələlərindən xəbəri olmayan kiçikyaşlı uşaqlara 12 imamdan, şiəlikdən, məzhəbçilikdən klip çəkmək zahirən dinə sayğı kimi təqdim edilsə də əslində, İranın məzhəbçilik ideoloji xəttinin buradakı təsiridir. Klip çəkən əgər o klipdə Azərbaycanda yaşayan bütün müsəlmanların ortaq inancından: Allahdan, Qurandan, İslamdan bəhs etsə idi, dərdyarı idi. Hesab edirəm ki, o kimi şəxslərin özləri  də cəzalandırılmalıdır”.

Orta məktəblərdə dini tədris məsələsinə gəlincə, ekspert qeyd edib ki, bu istiqamətdə maarifləndirmənin aparılması daha məqsədəuyğundur:

“Bununla bağlı biz partiya olaraq, Cavanşir müəllimə təklif etmişik ki, tədris yox, maarifləndirmə aparılsın. Çünki dini məlumatdan kəm olan şagirdlər böyüyəndə radikal və İranın xurafatçı, anti -Azərbaycan təbliğatının qurbanına çevrilir. Azərbaycan xalqının böyük əksəriyyəti şiə - cəfəri məzhəbinə etiqad edir. İran da bundan sui istifadə edərək, məzhəb ortaqlığımızı öz siyasi maraqları üçün istifadə edir. Özünün siyasiləşmiş şiəliyini yeridir. Halbuki Azərbaycanda din dövlətdən ayrıdır. Lakin dövlət də dinsiz deyil. Ona görə də orta məktəblərin yuxarı sinifləri üçün milli, dini təhsil almış müəllimlər Azərbaycanda mövcud olan bütün dini sekta və cərəyanlar haqda şagirdlərlə maarifləndirmə işi aparmalıdırlar. Bunun üçün AMEA-nın və digər elm ocaqlarının alimləri, iranyönlü, səudiyyəyönlü olmayan ilahiyyatçılarla birgə əlavə oxu materialı hazırlamalıdırlar. Əks halda orta məktəbdə öz ata-baba dinindən xəbərsiz olan gənc sonra ya vəhhabi olacaq, ya da İranın siyasi liderinə qul olan müti bir müqəllid. Odur ki, Cavanşir müəllimin dediyi: “İstərdim ki, orta məktəblərdə dini dərslər keçirilsin” fikirlərini biz də dəstəkləyirik. Ancaq şübhəsiz ki, bunun altında İran barmağı yoxdursa. Orta məktəblərdə din tədrisi mövzusu haqda bizim niyyətimiz açıqdır. Amma digər təklif edənlərin amacı nədirsə, onu  bilmirik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top