Bu gün Baş Prokurorluq hərbi helikopterin qəzaya uğramasının səbəblərini açıqlayacaq

GÜNDƏM 20 dek 2021, 10:01
Bu gün Baş Prokurorluqda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə edilən ilkin nəticələrə dair brifinq keçiriləcək.

Bu barədə Demokrat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, brifinqdə sualları Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov, qurumun Mətbuat Xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə cavablandıracaq.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top