Dövlət başçısı: “Minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik”

XARİCİ SİYASƏT 18 dek 2021, 16:11
"Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

"Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Bundan əlavə, bu, çox bahalı işdir və siz tamamilə haqlısınız ki, minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki, gözləyirlər. Hazırda genişmiqyaslı bərpa işlərinə başlanılan ərazilər minalardan təmizlənib, digər yerlər isə yox. Yəni, geri dönəcək insanlar ciddi problemlər və həyati təhlükə ilə üzləşəcəklər. Beləliklə, mən ümid edirəm ki, təmaslarımızda buna daha çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız minaların təmizlənməsi ilə məhdudlaşmır. Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd var - tamamilə dağıdılmış ərazilərdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır", - Prezident bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top