“Avropa İttifaqı bu məsələdə Azərbaycanın mövqeyini bölüşür”

GÜNDƏM 16 dek 2021, 11:06
“44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə regionda olduğu kimi beynəlxalq arenada da yeni reallıqlar yaradıb. Belə ki, Brüssel görüşünün nəticəsində Avropa İttfaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata verdiyi bəyanat Azərbaycanın irəli sürdüyü tezislərlə uyğunluq təşkil edir. Bu mühüm tədbirdə Azərbaycanın mövqeyi yenidən səsləndirilərək, Qərbdəki tərəfdaşlarına çatdırıldı. Aydın oldu ki, Azərbaycanın münaqişədən sonrakı gündəliyini hamı tanıyır. Avropanın ən nüfuzlu təşkilatı olan Avropa İttifaqı bu məsələdə Azərbaycanın mövqeyini bölüşür”.

Bu sözləri Demokrat.az-a Məclisin üzvü Tamam Cəfərova Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən üçtərəfli görüşünü şərh edərkən deyib.

Deputat bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazda sülh və siyasi stabillik arzulaması Qərbin liberal dəyərləri ilə deyil, daha çox praqmatik siyasət zərurətindən irəli gəlir: “Siyasi gərginlik Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ən vacib arteriyalardan biri olan Cənubi Qafqaz regionunu daima təhlükə altında saxlayır. Revanşizmin təsiri altında və ya kənar qüvvələrin təhriki ilə Ermənistanın Azərbaycana qarşı ata biləcəyi istənilən yeni hərbi təxribatın mənfi təsirləri Cənubi Qafqaz regionunun sərhədlərini aşaraq Avropa İttifaqının siyasi və iqtisadi durumuna zərbə endirə bilər. Xatırladaq ki, Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edən Aİ  bu illər ərzində enerji sahəsində, başda Cənub Qaz Dəhlizi üzrə 2011-ci il tarixli Birgə Bəyannamə olmaqla, bir çox strateji əməkdaşlıq qurmuşdur. Bu baxımdan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasında olduqca maraqlıdır”. 

T. Cəfərova Şarl Mişelin 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsinin ilk növbədə Avropa İttifaqının bu formatların tanınması və onlarla hesablaşması anlamına gəldiyini deyib: “Burada əsas məqam ondan ibarətdir ki, hər üç görüş və bəyanat Avropa İttifaqının geosiyasi rəqibi olan Rusiyanın iştirakı və vasitəçiliyi ilə imzalanmış razılaşmalardır. Ş. Mişelin bu bəyanatların yerinə yetirilməsinə çağırış etməsi Avropa İttifaqının indiyə qədər əldə edilən razılaşmalara qarşı hər hansı bir irad və ya narazılığının olmamasından xəbər verir. Şübhəsiz ki, bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin növbəti böyük siyasi-diplomatik uğurudur. Biz görürük ki, artıq gündəmdə sərhəd və Zəngəzur məsələsidir. Yəni Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top