Deputat: “Ermənistanın məğlub olmuş ordusunda heç bir nizam-intizam mövcud deyil”

GÜNDƏM 08 dek 2021, 13:24
Xəbər verdiyimiz kimi, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyi bu məlumatın əsassız və tamamilə yalan olduğu bildirib. Qeyd olunub ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.

Baş vermiş hadisə ilə bağlı fikirlərini Demokrat.az-la bölüşən Milli Məclisin deputatı Elman Məmmədov vurğulayıb ki, Ermənistan tərəfi vaxtaşırı bu cür yalan məlumatlar verirlər. 

Millət vəkili qeyd edib ki, ermənilərin bu gün özlərinin verdiyi məlumat bir daha təsdiq edir ki, hələ də Azərbaycan ərazisində çox sayda qeyri-qanuni silahlı, cinayətkar, terrorçu təxribatçı dəstələr mövcuddur:

“Azərbaycan müstəqil, suveren dövlət kimi tam hüquqa və səlahiyyətə malikdir ki, öz ərazisində olan istənilən silahlı, qeyri-qanuni birləşmələrə qarşı atəş  açsın, əməliyyat keçirtsin və onları məhv etsin. Bu, Azərbaycanın hüququdur və səlahiyyətidir, burada qeyri-qanuni heç bir şey yoxdur. Ancaq məsələ burasındadır ki, biz bunu hələ etməmişik”. 

Deputat diqqətə çatdırıb ki, bu gün Ermənistanın məhv və məğlub olmuş ordusunda heç bir nizam-intizam mövcud deyil: “Bilirik ki, bu gün Qarabağ ərazisində çoxlu sayda quldur dəstələr, cinayətkar terrorçular yığışıb. Təbii ki, onların öz aralarında mübahisələr, toqquşmalar, atışmalar olur və bir-birlərini öldürürlər. Yəni, bu məsələ də Azərbaycan tərəfinin heç bir iştirakı, günahı yoxdur. Amma çox ürəkdən istərdim ki, orada nə qədər qeyri-qanuni silahlı birləşmələr varsa, Azərbaycan tərəfi hərbi gücünü tətbiq eləsin. Və anti-terror əməliyyatları həyata keçirərək, onları məhv etsin, torpaqlarımızdan təmizləsin. Bu, bizim haqqımızdır, hüququmuzdur. Bu gün Ermənistanın məhv və məğlub olmuş ordusunda və Qarabağ ərazisində qalmış tör-töküntülərində heç bir nizam-intizam, qayda-qanun yoxdur. Bu, elə əvvəl də belə olub, bu gün də belədir. Bu illər ərzində çox sayda əsgər anaları Yerevanda mitinqlər keçirib, övladlarının hansı şəraitdə ölməsini tələb ediblər. Xatırladım ki, hələ müharibə olmayan dövrdə də hərbçilər öldürülürdü. Çünki onların rəhbərləri də cinayətkarlardır. Görün, bu ərəfələrdə nə qədər general həbs olundu. Hesab edirəm ki, ermənilərin hərbçilərinə qarşı bu cinayətkar əməlləri hələ də davam edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top